Xəbərlər
Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün

“Heydər Əliyev İli” çərçivəsində Nizami rayonunda tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı film nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu, Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Vurğulanıb ki, Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil dövlət kimi tanınması məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.
Xüsusilə diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün Prezident İlham Əliyevin möhtəşəm siyasəti, gərgin əməyi və qətiyyəti sayəsində daha da inkişaf edir, tarixi Zəfərin təntənəsi ilə özünün ən qüdrətli və güclü dövrünü yaşayan ölkəmizdə məqsədyönlü islahatlar həyata keçirilir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib, Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin solisti Sevinc Sarıyevanın ifası dinlənilib.