YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekoloji terrorun qarşısı alınmalıdır

“Ətraf mühitin, təbiətin və ekologiyanın qorunması hər bir ölkə və xalq üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu amil sağlamlığın əsas şərtlərindən biridir. Biz ekoloji problemlərin fəsadlarını çox yaxşı bilirik. Çünki Ermənistanın 30 illik işğal dövründə Qarabağı və Şərqi Zəngəzuru ekoloji fəlakət zonasına çevirməsi hər birimizə yaxşı məlumdur. Prezident İlham Əliyev iyulun 11-də Nazirlər Kabinetinin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bu problemlə bağlı fikirlərini ifadə etdi”. Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi Espo Konvensiyasının tələblərinə ziddir. Azərbaycan həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ermənistanın məqsədi həmin zavodun tullantıları Araz çayına axıtmaqla Azərbaycana qarşı ekoloji terror törətməkdir. Çünki zəhərli tullantıları çaya axıtmaqla həm insanlarımızı, həm də digər canlıları zəhərləmiş olacaqlar. Buna görə də, beynəlxalq birlik Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdır.

Millət vəkilinin sözlərinə görə, müşavirədə dövlətimizin başçısı Gədəbəydə baş verən hadisələrə də toxunaraq deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən azı səhlənkarlığı nəticəsində xarici şirkət təbiətimizi zəhərləyib. Cənab Prezident bununla bağlı problemlərin ciddi şəkildə araşdırılması üçün müvafiq qurumlara tapşırıq verib. İmkan vermək olmaz ki, füsunkar təbiətə malik olan ərazilərimiz ciddi ekoloji problemlər yaşasın. İnanırıq ki, dövlət başçısının bu tapşırığından sonra müvafiq qurumlar lazımi tədbirlər görəcəklər. Eyni zamanda, vətəndaşlar da öz problemlərini sivil qaydada müvafiq orqanlara çatdırmalı, hansısa təxribatlara uyub qanunsuz davranışlara yol verməməlidirlər.

“Artıq ölkəmizin böyük hissəsi rəsmən “yaşıl enerji” zonası elan edilib. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurda böyük işlər görülür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Cənab Prezident müşavirədə bu bardə fikirlərini ətraflı şəkildə bildirdi. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Dövlətimizin başçısı artıq 8 şəhər, 22 qəsəbə və kəndin təməlini qoyub. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. İki məktəb istisna olmaqla, görülən bütün işlər Azərbaycan dövlətinin hesabına, kənardan dəstək olmadan  həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir və ya əsaslı şəkildə bərpa edir. Cənab Prezident müşavirədə bu ilin altı ayı ərzində sosial-iqtisadi nəticələri də uğurlu hesab edib. Eyni zamanda, əhalinin sosial müdafiəsinin, ölkəmizin müdafiə potensialının gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Bütövlükdə, bu ilin ötən dövrü Azərbaycan üçün uğurlu olub”,-deyə Fatma Yıldırım vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv