Xəbərlər
Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Bu günümüzün uğurlarından bəhs edərkən tarixi paralellər əsasında müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlilinə böyük zərurət yaranır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı faciələr, təhlükələr çoxəsrlik tariximizin qara səhifəsi kimi daim vərəqlənir. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü il 24 iyun tarixi də ölkəmizin həyatında əlamətdar hadisədir. Belə ki, parlamentin bu tarixdə keçirilən iclasında Prezident səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə verilməsi barədə qəbul edildi.
1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması dayanır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları yaradıldı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.
Demokratik dəyərləri müdafiə edən ali qanunun müəllifi məhz Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu.
İqtisadi inkişafımız müharibə şəraitində yaşayan Azərbaycanın ordu quruculuğu sahəsində də mühüm addımlar atmasını təmin etdi. “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq” söyləyən Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində nizami ordu yaradıldı. Azərbaycan Ordusu günbəgün gücünü, qüdrətini daha da artıraraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə hazır olduğunu qazandığı zəfərlərlə təsdiqlədi.
Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təmin edilməsini qarşıya əsas hədəf kimi qoyaraq bu sahədə hazırlıq işlərini daha da gücləndirdi. Şanlı Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bu yolla daim irəliləyəcək, möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazdığı Zəfər səhifəsi ilə qürurludur. Böyük Qələbənin təbliği məqsədilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən – düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Açıq sıma altında yaradılan bu park Azərbaycan Silahlı Qüvvələrinin hansı imkanlara malik olduğunu nümayiş etdirir. Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində uğurlu iqtisadi siyasətimizin nəticələrindən bəhs etdi. Bildirdi ki, iqtisadi inkişafımız ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasına imkan verir: “Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edilmişdir. Onsuz da bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.”