Xəbərlər
Ordu quruculuğu dövlətimizin basilica vəzifəsidir

Əli Hüseynli
Milli Məclisin deputatı
Bu günlərdə xalqımız böyük qürur hissi ilə Azərbaycan Respublikası silahlı Qüvvələrinin yaranmasının 105 illiyini qeyd etməyə hazırlaşır. Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiley ilinə təsadüf edən bu tarixi günü möhtəşəm uğurlarla qarşılayır.
Bu məqamın da xüsusi rəmzi mənası var. Qeyd edək ki, məhz Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, bu bir həqiqətdir ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı. 1971-ci ildə böyük zəhmətlər bahasına ərsəyə gəlmiş Cəmşid Naxçıvanski adına hərbi məktəb Azərbaycanda ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil alması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Təəssüf ki, ötən əsrin 90-cı illərininin əvvəllərində - müstəqilliyimizin bərpa olunduğu ilk dövrdə ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib məsələyə məsuliyyətsiz yanaşdılar. AXC-Müsavat cütlüyünün səriştəsizliyi və xəyanətkar mövqeyi hərbi problemlərin daha da kəskinləşməsinə səbəb oldu. Belə ki, həmin dövrdə Heydər Əliyevin vaxtilə yaratdığı fundamental nailiyyətlər tamamilə məhv edilmişdi, nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
Heydər Əliyevin birbaşa nəzarəti altında 1994-cü ilin ilk günlərində uğurlu Horadiz əməliyyatından bir qədər sonra imzalanmış Ermənistan-Azərbaycan arasında atəşkəs haqda Bişkek protokolu Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha da sürətlənməsinə şərait yaratdı. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz” söyləyən ulu öndərin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan 21-ci əsrə artıq tam formalaşmış və sürətli inkişaf yoluna çıxmış nizami ordu ilə qədəm qoydu.
Bu proses son 20 ildə daha böyük vüsət almışdır. Cəmi 44 gün davam edən Vətən müharibəsi ordumuzun əldə etdiyi tarixi Zəfərin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. 3.6 milyard ABŞ dollarına yaxın illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, Türkiyə modelinə uyğun NATO standartları əsasında formalaşan Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü ordularından biridir. Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından, o cümlədən Türkiyə, İsrail, Rusiya və digər ölkələrdən ən müasir döyüş sursatlarının alınması və bu sahədə çoxvektorlu siyasətin verdiyi dividentlər dövlətimizin beynəlxalq miqyasda tanınmış hərbi gücünü təmin edən mühüm faktordur.
Bu gün sarsılmaz xalq-Prezident-ordu birliyinə və milli həmrəyliyə arxalanan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin tükənməz gücü və müdrik siyasi gedişləri nəticəsində respublikamız regionun ən güclü silahlı qüvvələrinə malik lider ölkəyə çevrilmişdir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən rikslər, kapitulyasiyaya uğramış Ermənistan və onun havadarları tərəfindən sülhyaratma prosesinə maneçiliklər törədilməsi nəticəsində ölkənin ərazi bütövlüyünə və suverenliyinə təhdidlərə cavab olaraq atılmış addımdır. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin yeni formalaşdırılmış komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdimetmə mərasimində çıxış edərkən bu məqama xüsusi diqqət yönəltmişdir: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır… Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır”.