YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriyanın nüfuzlu idman jurnalı ilk Avropa Oyunlarına xüsusi buraxılış həsr edib

Avstriyanın nüfuzlu “SportWoche” (“İdman həftəsi”) jurnalı növbəti nömrəsini “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edib.

Jurnalın baş redaktoru Manfred Behr giriş sözündə Bakıda keçirilən ilk Avropa Oyunlarını cazibədarlığa malik ideya adlandırıb və gələcəkdə bir sıra idman növləri üzrə Avropa çempionatlarının Avropa Oyunları çərçivəsində keçirilməsinin önəmini qeyd edib. Həmçinin medianin diqqətindən kənarda qalan bəzi idman növləri üzrə yarışların bu cür mötəbər tədbir sayəsində yeni tamaşaçı kütləsi qazanmasının əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, belə bir möhtəşəm idman tədbirinin cəmi iki il yarımlıq qısa müddət ərzində mükəmməl hazırlanması uğurunu da diqqətə çatdırıb.

Xüsusi buraxılışda ilk Avropa Oyunları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Bakıda 59 olimpiya çempionu, 150 olimpiya medalçısı və 200 dünya çempionu olmaqla ümumilikdə 6000 idmançı öz gücünü sınayır. Buraya idmançıları müşayiət edən 3000 nəfərlik heyət və 16000 nəfərdən ibarət könüllülər əlavə edilərsə, o zaman bu rəqəmlər ilk Avropa Oyunlarının əhatə dairəsini göz önündə canlandırmağa imkan verir və Qış Olimpiya Oyunlarından daha geniş çevrəni əhatə etdiyini göstərir.

Jurnalda Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhəri, qitədə ilk dəfə təşkil olunan bu mötəbər yarış üçün tikilmiş idman mərkəzləri, infrastruktur və Oyunlardan sonra da bir çox qitə və beynəlxalq əhəmiyyətli idman tədbirlərini qəbul etməyə tam hazır olan təşkilati hazırlıq və bacarıq barədə fikirlər də yer alıb.

Xüsusi buraxılışda, həmçinin Avropa Oyunlarında iştirak edən Avstriya idmançıları və onların təmsil olunduğu idman növləri barədə məqalələr yer alıb.

İyirmi dörd səhifəlik xüsusi buraxılışda Bakı və yarışların keçirildiyi idman mərkəzləri barədə fotolar və məlumatlar da əksini tapıb, Avstriya idmançılarının yarışlara hazırlıq səviyyəsinə dair məqalələr dərc olunub.