Xəbərlər
Rövşən Rzayev: Keçmiş həmsədrin fikirləri ikili standartların göstəricisidir
«Ermənistanın separatçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. İşğal altında olan torpaqlar Azərbaycana qaytarılmalı, eləcə də yeddi rayondan olan qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Bu ölkəmizin haqlı tələbidir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Fransadan olan keçmiş həmsədr Jak Forun bugünlərdə səsləndirdiyi fikirlər Ermənistanın maraqlarının dəstəklənməsinə yönəlib. Onun sözlərinə görə, bütün bunlar da ikili standartlardan irəli gəlir.
«Bu günə kimi beynəlxalq qurumların ədalətli qərarları olduğu halda onların heç biri həyata keçmir. Məsələn, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi indiyə kimi icra olunmayıb. Həmin qətnamə ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və separatçı qüvvələr ölkəmizin ərazisindən çıxmalıdır. Jak For və digərləri bunları etmək əvəzinə müxtəlif formalarda fikirlər söyləyirlər. Təbii ki, bu absurd bir düşüncədir və hansısa bir düşdüyü formadan çıxış yolu axtarmaqdır. Əslində isə burada işğalçı və işğala məruz qalan tərəf məlumdur»- deyə, R.Rzayev vurğulayıb.