YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altay Həsənov: ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ildə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Federasiyanın prezidenti seçiləndən sonra başlandı

İyunun 21-də birinci Avropa Oyunlarında gimnastika üzrə yarışlar başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bu yarışların yekunları barədə “Vestnik Kavkaza” agentliyinə müsahibəsində məlumat verib.

A.Həsənov yarışların uğurla keçdiyini qeyd edib. O deyib: “Əlbəttə, biz, təşkilatçılar ilk növbədə çalışmışıq ki, bütün idmançılar, bütün iştirakçılar, məşqçilər, rəsmi şəxslər üçün yaxşı şərait yaradılsın. Fikrimcə bu məqsədimizə çatmışıq. Digər tərəfdən biz, yəni tamaşaçılarımız və Federasiyamız, əlbəttə, medallar gözləyirdik. Bunun üçün həm idmançılar, həm də məşqçilər, Federasiya və rəsmi şəxslər böyük zəhmət çəkiblər. Hamımız çalışmışıq ki, medallar qazanaq. Biz bu niyyətimizə də çatdıq. Beləliklə, bütövlükdə Avropa Oyunları kimi, Bakıda gimnastika yarışları da uğurlu keçdi. Biz idman gimnastikasında beş medal, batut üzərində hərəkətlərə görə bir medal və bədii gimnastikada daha bir medal qazana bildik. Bu, xüsusilə sevindiricidir, çünki bədii gimnastikada rəqabət çox böyük idi. Biz bu medalı almaq üçün illər boyu hazırlaşmışıq. Nəhayət, biz bu medalı halallıqla aldıq. Əlbəttə, yarışların təşkilinə görə, hakimlərə görə narahatlıq keçirirdik, bunsuz ola bilməzdi. Lakin xoşbəxtlikdən, Bakıda Avropa Oyunları bayramı baş tutdu”.

A.Həsənov Rusiya yığmasını qələbə münasibətilə təbrik edərək vurğulayıb ki, Rusiya idmanın başqa növlərində olduğu kimi, gimnastikada da əsas söz sahibidir.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti daha sonra deyib: “Buna görə Rusiya yığmasını çoxlu medallar qazanması münasibətilə təbrik edirəm. Məncə hamı razı qaldı – iştirakçılar da, tamaşaçılar da”.

A.Həsənov Azərbaycanda gimnastikanın inkişafından söhbət açaraq vurğulayıb ki, ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ildə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Federasiyanın prezidenti seçiləndən sonra başlandı. O deyib: “Mehriban xanım bu işə can qoyub. Bu gün biz həmin zəhmətin bəhrəsini görürük. İllər boyu yorulmadan çəkilən zəhmət sonda bizi bu qələbəyə gətirib çıxartdı. Biz tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi nüfuzlu yarışda bu qədər medal aldıq. Bu qələbənin arxasında idmançıların və məşqçilərin, Federasiyanın rəhbərliyinin və bütün əməkdaşlarının çox böyük zəhməti var”.

Azarkeşlərin dəstəyinin vacibliyini qeyd edən Altay Həsənov deyib: “Azarkeşlər bizi çox dəstəkləyirlər. Bilirəm ki, Moskvada gimnastikanı yüksək qiymətləndirirlər, gimnastika yarışlarına baxmağa gedirlər. İndi bizdə, Bakıda da belədir. Bilirsinizmi, ilk illərdə tribunaları necə doldurmaq mümkün olacağını bilmirdik, adamları cəlb etmək üçün yollar axtarırdıq. İndi azarkeşlər əlindən tərpənə bilmirik. Deməli, bizim can atdığımız tərəqqiyə nail ola bilmişik. Azərbaycanın regionlarında da gimnastika inkişaf edir, müvafiq seksiyalar, məktəblər açılır. Dövlət bütövlükdə idmanı, o cümlədən gimnastikanı çox dəstəkləyir. Buna görə də düşünürəm ki, işlərimiz həmişə uğurlu olacaq”.