Xəbərlər
Əbədi reallıq
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra müasir dövrdə dövlətçiliyini möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma 1993-cü ildə, müstəqilliyin bərpasından keçən iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, total xaos və anarxiya Ermənistanın işğalçılıq siyasəti, ən nəhayət, səriştəsiz dövlət idarəçiliyi səbəbindən dərin uçuruma sürüklənməkdəydi. Dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, bütövlükdə isə, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Belə bir məqamda Ümummilli Liderimiz Heydər Əliyev haqlı olaraq deyirdi: “Müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat çətindir”. Yəni Ümummilli Liderin dediyi fikirlər bu mənada özünü hələ o zaman təsdiq etmişdir. Şimalda, Cənubda yaradılan və xarici kəşfiyyatların əli ilə idarə olunan separatçı qurumlar yenicə müstəqillik əldə etmiş ölkəmizi, dövlətimizi məhvə doğru sürükləyirdi. Dövlətin ərazi bütövlüyünün qorunmasına həyata keçirməli olan orduda və o zamankı hakimiyyət daxilində baş verən daxili çəkişmələr, kreslo davaları onsuz da ağır vəziyyətdəki ölkəni daha çətin duruma doğru aparırdı. Bazar və dükanlarda strateji qida məhsullarının yoxa çıxması, çörək növbələri, silahlı reketçilik, cinayətkar qanunlarının dövlət qanunlarını üstələməsi kimi hallar Azərbaycanı xəritədən silinmə təhlükəsi və yenidən hansısa dövlətin vassalına çevrilmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Düşdüyü xaosdan xilas olmaq istəyi Azərbaycan xalqı və dövləti üçün qaçılmaz zərurətə çevrilmişdi.
Belə bir məqamda Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək, ölkəni dərinləşməkdə olan mövcud sosial-iqtisadi-siyasi böhrandan qurtarmaq üçün QURTULUŞ yolunu arayırdı. Bu QURTULUŞu isə Azərbaycan xalqına yalnız o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsini daşıyan dünya şöhrətli siyasi xadim Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edə bilərdi. Hələ SSRİ dönəmində Azərbaycanın möhkəm iqtisadi əsaslarını məhz Ümummilli Liderimiz Heydər Əliyev yaratmışdı. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, böyük təşkilatçılıq, cəsarətli ideyaları sayəsində ötən əsrin sonlarında aqrar ölkə olan Azərbaycanı Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirmişdi. Məhz bu səbəbdən Azərbaycan ziyalıları və xalqımız dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda yenidən o böyük şəxsiyyəti - Heydər Əliyevi qüdrətli Xilaskar kimi siyasi hakimiyyətə dəvət etdi.
Paytaxtda siyasi xaos baş alıb getdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə 15 iyun 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla, Xilaskarlıq missiyasını həyata keçirdi, inkişaf və tərəqqi tarixinin əsasını qoydu. Bununla da, ölkəmizdə Milli Qurtuluş hərəkatının əsası tariximizə qızıl hərflərlə həkk olundu. 15 iyun müstəqil Azərbaycan dövlətinin və xalqının taleyinə "Milli Qurtuluş Günü" kimi yazıldı.
Təbii ki, heç bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan həyata keçirmək mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başladı. Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” və bunun nəticəsi olaraq xarici investisiyaların ölkəmizə cəlbi Azərbaycanın iqtisadi böhrandan çıxarılmasında mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordunun yaradılmasına start verildi, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Bir sözlə, 1993-2003-cü illər müstəqil Azərbaycanın Milli Qurtuluşdan başlanan intibahının birinci mərhələsinə çevrilmişdir.
Bu baxımdan, vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir və həmin model Onun layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əgər bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının yaşaması, yaşadılmasıdır. Dövlət başçımız öz müdrik strategiyası, məqsədyönlü siyasəti ilə hər zaman öz xalqına arxalanıb, xalq isə Prezidentinə öz etimadını xalq-iqtidar vəhdəti ilə sübuta yetirməkdədir. Elə bu birliyin nəticəsi idi ki, dünya güclərinin dəstəyi ilə Qarabağı işğal etmiş erməni faşistləri 44 günlük müharibə nəticəsində torpaqlarımızdan təmizləndilər. Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng quruculuq işləri həyata keçirilir. 30 il ərzində öz torpaqlarından didərgin salınmış vətəndaşlarımız yeni və müasir konseptlə salınmış kəndlərinə qovuşurlar. Bütün bunlar isə tariximizin qürur səhifəsi olan Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi danılmaz, əbədi reallıqdır.