YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın zirvəsində

“Tarix elə bir ədalətli hakimdir ki, onun gedişatının bütün müsbət və mənfi tərəfləri ilə bağlı hökmü özü çıxarır. Bu hökm həm də xalqların birmənalı mövqeyi, dövlətlərin taleyi ilə uyğunluq təşkil etdiyindın heç zaman dəyişmir. Bu mənada tarixi şəxsiyyətlərə verilən qiymət də eyni məzmun daşıyır.

Xalqların xilaskarlıq missiyasını təkbaşına öz üzərinə götürən, dövlətlərin xilaskarına çevrilən və nəhayət, bütöv bir bölgənin gələcək taleyinə müsbət istiqamət verən şəxsiyyətlər tarix üçün əbədilik statusu qazanırlar. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyev belə tarixi şəxsiyyət idi. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri xalqımızın əziz övladına heyranlığını ifadə edərək Heydər Əliyevin Azərbaycanın böyük lideri olduğunu bildirirdi. Bəli, Ulu Öndər ağır sarsıntılar, dərin böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi, Azərbaycan xalqının birliyini möhkəm təməllər üzərində daha da möhkəmləndirdi.

Heydər Əliyev təkcə canından atıq sevdiyi Vətənində deyil, dünyada qəbul edilən təkrarsız siyasətçi, ümumbəşəri dəyər kimi həmişə dərin hörmətlə xatırlanır.” Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, bugünkü varlığı, qüdrəti, qalibiyyəti ilə öyündüyümüz, fəxr etdiyimiz Azərbaycan böyük strateq Heydər Əliyevin fövqəladə siyasətinin nəticəsi olaraq inkişafın zirvəsindədir.

Əsrin sonlarında məhv olmaq təhlükəsinin bir anında Azərbaycana sədaqətini növbəti dəfə nümayiş etdirən Heydər Əliyev lider kimi xalqına sahib çıxdı.

Bu həmin dövr idi ki, istiqlal arzusuna çatmış xalq bu xoşbəxtliyin sevincini yaşamamış onu itirmək təhlükəsi ilə üzləşmişdi. Torpaqlarımız işğal olunur, vətəndaşlarımız tarixi yurdlarından didərgin düşür, hərbi-siyasi anarxiya genişlənir və vətəndaş müharibəsi təhlükəsi getdikcə artır, kütləvi itaətsizlik dalğası sürətlə yayılırdı.

Bu cür situasiyada əvəzolunmaz lider Heydər Əliyev xalqın təkidli tələbinə biganə qala bilməzdi. Beləliklə, xalqın arzusu və tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev antiazərbaycan, şər qüvvələrə yerini göstərdi. Qısa zaman içində sabitliyə nail olan Azərbaycan artıq stabil ölkə kimi nəhəng iqtisadi layihələrin ünvanına çevrildi. Azərbaycanın daxili və xarici düşmənlərinin bütün maneçiliyinə baxmayaraq ölkəmizin həyatını dəyişəcək “Əsrin müqviləsi”nin bağlanmasına nail olan Ümummilli Lider iqtisadiyyatımıza nəfəs verdi.

“Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsini şərtləndirdi. Başqa sözlə, bu tarixi müqavilə ilə Azərbaycanın müasir neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatın inkişafında yeni dövrün əsası qoyuldu, XXI əsr Azərbaycanının dinamik inkişaf yolu müəyyənləşdirildi.

“Əsrin müqaviləsi”nin ən mühüm əhəmiyyəti həm də o idi ki, Azərbaycan dövləti bir çox Qərb dövlətlərinin, ilk növbədə, ABŞ-ın ölkəmizdə iqtisadi maraqlarını yaratmaqla onların diqqətini respublikamızın həmin dövrdəki problemlərinə yönəltdi, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu gücləndirdi. Bütün bunlarla bərabər, ilkin neftin hasil olunması ilə Azərbaycan dünyanın neft ixrac edən ölkə kimi tanınmağa başladı.

Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Neftdən əldə olunan gəlir isə qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial şəraitinin davamlı şəkildə yaxşılaşması deməkdir.

Siyasi şərhçi sonda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində dövlət və xalq üçün yalnız qurtuluşçu lider olaraq qalmadı. Onun dahiyanə müdriklik və fenomenal bacarıqla əsasını qoyduğu siyasi-ideoloji idarəçilik sistemi həm də ölkənin gələcəyini müəyyənləşdirdi. 30 il öncə məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz- üzə qalan Azərbaycanın bu gün regionun lider dövləti kimi söz sahibinə çevrilməsi və dünya siyasi düzənində öz maraqlarını qəbul etdirməsi məhz dahi rəhbərin əsasını qoyduğu siyasi kursun nəticəsidir. Məhz buna görə də Azərbaycan adı yüksəldikcə Heydər Əliyev şəxsiyyəti də ucalır. Bu ucalıq rəhbər-xalq mənəvi birgəliyinin ən mükəmməl örnəyidir.

DİGƏR Xəbərlər Arxiv