Xəbərlər
AŞPA-nın iclasında Azərbaycanda uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Strasburqda Lanzarote Komitəsinin AŞPA-nın “Uşaqların cinsi zorakılıqdan və istismardan müdafiəsinə dair Konvensiyanın tərəfləri” mövzusunda keçirilən iclasında iştirak edib.
Sevinc Fətəliyeva iclasda AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi qismində iştirak edərək “Hər beş uşaqdan biri ” kampaniyası haqqında məlumat verib. Qeyd olunub ki, Lanzarote Konvensiyası artıq 25 dövlət tərəfindən ratifikasiya edilib, müxtəlif ölkələrdə təbliğ olunur. Bu gün proqram üzrə əlaqələndiricilərin sayı 52-yə çatıb. Uşaqlara qarşı zorakılığın bütün növləri xüsusi təşkil olunmuş iclaslarda müzakirə edilir və bu müzakirələrə Avropanın müxtəlif ölkələrindən ekspertlər dəvət olunur.
Avropa Şurası tərəfindən 18 noyabrın “Uşaqların cinsi zorakılıqdan və istismardan müdafiəsi günü” kimi qəbul olunduğu, məlumat materiallarının çap edildiyi, uşaqlar üçün maarifləndirici xarakterli cizgi filmləri hazırlandığı vurğulanıb. Sevinc Fətəliyeva “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramının Azərbaycan üzrə əlaqələndiricisi kimi ölkəmizdə kampaniya çərçivəsində görülən işlər barədə geniş məlumat verib.
Milli Məclisin deputatı qeyd edib ki, Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Bununla əlaqədar olaraq, Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans, müxtəlif mövzuda “dəyirmi masa”lar keçirilib. Həmçinin ayrı-ayrı məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələrin, mövzu ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgilərin, idman və rəsm müsabiqələrinin keçirildiyi, maarifləndirici xarakterli video çarxların hazırlandığı, keçirilmiş tədbirlərdə məlumat kitabçalarının paylandığı qeyd olunub.
Sevinc Fətəliyevanın məruzəsində bu məsələdə psixoloq müəllimlərin əsas rolunun vacibliyi nəzərə alınaraq onun təşəbbüsü ilə ölkəmizə dəvət olunmuş almaniyalı ekspertin iştirakı ilə müəllimlər, psixoloqlar və şagirdlər üçün treninqlər və müzakirələr keçirildiyi də öz əksini tapıb.