YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarı

Şəmkirdə "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 31-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində YAP Şəmkir rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, ömrünü dövlətimizin və xalqımızın nicatı və xoşbəxt gələcəyinin qurulmasına həsr etmiş Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Müasir Azərbaycan tarixinin dövlətçilik salnaməsini qızıl hərflərlə yazan Ulu Öndər hər bir azərbaycanlının qəlbində yaşayır və xalqımız var olduqca, hər zaman ürəklərdə əbədi yaşayacaq.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev deyib ki, bütün mənalı ömrünü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş ulu öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.

YAP İdarə Heyətinin üzvü, Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev çıxış edərək vurğulayıb ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq.  

YAP İdarə  Heyətinin  üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov söyləyib ki, müasir Azərbaycan Heydər Əliyevin xalqımıza tarixi mirasıdır. Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır. Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. O, Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəlib.

Şəmkir rayon Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova çıxışında diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan görkəmli dövlət xadimi, fenomenal şəxsiyyətdir. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb.  

Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv