YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh gündəliyi öz aktuallığını qoruyur

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Mayın 25-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək beynəlxalq əməkdaşlığın ikitərəfli formatının uğurla inkişaf etdiyini vurğuladı. Bu gün həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin qoyublar. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyədədir. Hazırda iki ölkə arasında qarşılıqlı ehtiram və hörmət yüksək həddədir. Bu deyilənlərin əlaməti olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubiley tədbirlərinin həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilidiyini qeyd etmək mümkündür.

Hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır. Prezident İlham Əliyev həm Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü, həm də Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı sülhü yaxınlaşdıran önəmli etirafların olduğuna diqqət çəkdi. Sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.

Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.  Prezident İlham Əliyev onu da xüsusilə qeyd etdi ki, “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona Ermənistanın baş naziri kimi məna vermirlər. Ölkə başçısı həmçinin qətiyyətli formada bəyan etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.