YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arzuları reallığa çevirən Lider

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz lider kimi təsdiq etmişdir.  Bütün fəaliyyəti Azərbaycanla bağlı olan Ulu Öndər  xalqına təmənnasız xidmət göstərərək hər birimiz üçün nümunə olmuşdur. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir.  

Ümummilli Liderin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Hər zaman xalqın yanında olan Ümummilli Lider Azərbaycanın gələcəyi naminə elm və təhsil, sənaye, hərbi, iqtisadi, səhiyyə, nəqliyyat, mədəniyyət sahələrində islahatlar aparmış, bu sahələrin inkişafı üçün irimiqyaslı layihələr hazırlamışdı. Ulu öndərin 1969-1982, 1993-2003-cü il hakimiyyət dövrü Azərbaycanın yeni dönüş nöqtəsi olmuşdur.

Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır.

1993-cü ildən 2003-cü ilə kimi ölkəmizdə hüquqi islahatların, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi Heydər Əliyevin misilsiz xidmətləri, gördüyü böyük işlər sayəsində mümkün olmuşdur. Məhz Ulu Öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı.

Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır.