YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq ideologiyası

Anar Məmmədov

Milli Məclisin deputatı

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.

Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”. Beləliklə, Heydər Əliyevin azərbaycançılıq ideologiyası ona qədər mövcud olan ideologiyaları - turançılıq, türkçülük və islamı ehtiva edərək yeni məna və məzmun ifadə etdi. Başqa sözlə desək, Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributları oldu. 

Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub-hiss edən Heydər Əliyev o illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev dühası vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini inkişaf etdirməyə başlamış, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Bu gün milli həmrəylik Azərbaycan dövləti və xalqı üçün kifayət qədər vacib məsələdir. Çünki kimin necə qiymətləndirməsindən asılı olmayaraq, indinin özündə də Azərbaycan dövlətçiliyi üçün təhlükəli amillər mövcuddur. Məhz bu baxımdan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi zərurəti hamı tərəfindən tarixi reallıqların diktə etdiyi qanunauyğunluq kimi qəbul olunmalıdır. Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməli və hər zaman Ümummilli liderimizin bu sözlərini əsas tutmalıdırlar:  “Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz”.