Xəbərlər
İnkişafın və tərəqqinin əsası

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Ermənistan sülh gündəliyini uzatmaq və proseslərin sürətini azaltmaq üçün bütün vasitələrə əl atmaqdadır. Lakin nəticədə bütün bu cəhdlər boşa çıxdı, artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, “əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Tarix onlara dərs verməlidir.”
Prezident İlham Əliyev konfransdakı çıxışında bildirib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. İndiki reallıq onu göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa heç bir çıxış yolu qalmayıb.
Qeyd edək ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb.
Bir müddət əvvəl Azərbaycan tərəfi Ermənistana 5 prinsipdən ibarət sülh gündəliyi təklif etmişdir və sülh təklifinin bəndləri aşağıdakılardan ibarətdir.
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bütün əldə olunan bu diplomatik və siyasi uğurların əsasını isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.