YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifələri

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 4-də YAP Beyləqan rayon təşkilatı Beyləqan rayon Mədəniyyət Sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmət nümunəsidir. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı ictimai-siyasi, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın sürətli inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev diqqətə çatdırıb ki, ümummilli lider  Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən Onun hər kəsə Vətəni sevməyi öyrətməsi xüsusi vurğulanır, çünki atılan bütün addımların əsasında dövlət, xalq sevgisi, Ulu Öndərin canından artıq sevdiyi Azərbaycanın imzasını imzalar arasında görmək istəyi dayanırdı.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi onların  mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev gərgin fəaliyyəti və müstəsna xidmətləri ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov vurğulayıb ki, Azərbaycanın bugünkü hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin bütün sahələrə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsini qarşıya əsas hədəf kimi qoymuşdu. O zaman minlərlə Azərbaycan gəncinin keçmiş  İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi gələcəyə hesablanmış addımlar  sırasındadır.

Çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Hidayət Cəfərov Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın tərəqqisinin əsaslarını təşkil edir və xalqımızın milli sərvətidir.

Digər çıxış edənlər - şəhər 3 saylı ərazi partiya təşkilatının sədri Sahibxan Mədətov, akademik Mehdi Mehdizadə adına şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Mətanət Əliyeva və Mayak qəsəbə ərazi partiya təşkilatının sədri Elçin Məmmədov bildiriblər ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.