Xəbərlər
Regionların inkişaf mənzərəsi
Anar Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu da bir daha təsdiq edir ki, bölgələrin yüksəlişi davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ümumiyyətlə, regionların inkişafı naminə uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına təkan verib. Regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir.
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Respublikanın regionları, sözün əsl mənasında, yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. 2004-cü ildən başlayaraq uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları davamlı olaraq həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca IV (2019-2023-cü illər) Dövlət Proqramı icra edilir.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri zamanı yeni obyektlərin açılışı və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirməsi də deyilənlərin əyani təsdiqidir.
Səfər çərçivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” mərkəzinin açılışı, Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şərait bir daha dövlət başçısının bölgələrin yüksəlişinə, yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına xüsusi diqqət yetirdiyinin təzahürüdür.
Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.
Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun önəmini nəzərə alan İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə milyardlarla investisiyalar qoyulub. Həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində ən müasir yollar salınır. Bütün illərdə olduğu kimi, 2023-cü ildə dövlət proqramına uyğun olaraq bütün yol-nəqliyyat infrastrukturları uğurla icra olunur. Bu il Prezidentin iştirakı ilə bir çox rayon və şəhərlərdə yeni yollar istifadəyə verilib. Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi də deyilənlərin əyani sübutudur.
Səfər zamanı Salyan rayonunda yerli televiziya kanalına müsahibə verən cənab prezident bir sıra məsələlərə toxundu, cari illə bağlı gözləntiləri, görüləcək işləri də açıqladı. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin həyata keçirildiyini, həmin ərazilərdə böyük dirçəliş dövrü başlandığını diqqətə çatdıran ölkə başçısı bir daha sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslərin bu gün əsas amil olduğunu vurğuladı. Bu prinsiplər beynəlxalq hüququn normalarının təməl prinsipləridir. Ona görə də Azərbaycan əvvəlcədən bəyan edib ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və bu istiqamətdə danışıqlar aparmaq mümkündür və sülh müqaviləsi imzalana bilər. Dövlət başçısı bir daha Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini söyləyərək Praqa və Soçi görüşlərində əldə olunan razılığa toxundu. Onu da qeyd edək ki, həmin görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu da bir daha göstərir ki,müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır.
Ali Baş Komandan Hayastana və onun havadarlarına bir daha mesaj ünvanlayaraq vurğuladı ki, məğlub ölkə və ona dəstək verənlər İkinci Qarabağ müharibəsindən keçən ikiil yarım ərzində "dəmir yumruğ"un qətiyyətini, gücünü əyani şəkildə görüblər. Azərbaycan Ordusunun qəhrəman oğulları həm Vətən müharibəsi, həm də savaşdan sonrakı dövrdə dəfələrlə bu torpaqların əsl sahiblərinin kim olduqlarını göstəriblər.