YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Layihələr plan üzrə həyata keçirilir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyev 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir çox məqamlara aydınlıq gətirdi. Ölkəmizdə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirildiyinə diqqət çəkən ölkə başçısı bildirdi ki, hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsinin dövlətimiz üçün əsas prioritet olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Məlum olduğu kimi otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Ona görə müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə start verilib. Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Keçmiş köçkünlərin qayıtdığı Ağalı və Talış kəndlərin timsalında bütövlükdə gələcək Qarabağ və Şərqi Zəngəzurun simasını görmək mümkündür. Bu iki kənddə olduğu kimi işğaldan azad edilmiş digər ərazilərdə də abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur yaradılacaqdır. Təbii ki, bütün bərpa-quruculuq işlərini Azərbaycan dövləti öz gücü hesabına həyata keçirir. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət isə bu gücün əsasını təşkil edir. Ölkə başçısı bu haqda danışarkən bildirdi ki, cari ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr edək. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Ümumilikdə il ərzində büdcəyə əlavələrin ən azı 3 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır. Təbii ki, bunun da əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. Ölkə başçısı müsahibəsində qeyd etdi ki, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan dövlət büdcəsini daha da artırır və ölkəmizin büdcə xərcləri bu artımdan sonra yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaq.

Qarabağda və Şərqi Zəngəzurda gedən işlərdən bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, bu haqda müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir.

Ermənistanla olan danışıqlar mövzusuna toxunan ölkə başçısı bildirdi ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Prezident İlham əliyev bir daha bəyan etdi ki, ölkəmizin niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycanın daxili işidir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirən Prezident İlham Əliyev bu prosesə separatçıların əngəl törətdiyini də diqqətə çatdırdı. Bu kontekstdə ölkə başçısı separatçılara da çox ciddi xəbərdarlıqlar etdi.