YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uyğun siyasi gedişlər

Dünyada həmrəyliyin, birliyin, qardaşlığın ünvanı olan Azərbaycan Türkiyə əlaqələri bütün sahələrdə çox uğurla inkişaf edir. Ulu Öndər Heydər Əliyevin “ bir millət, iki dövlət” dediyi ölkələr bu gün Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə münasibətlərə əhəmiyyətli dərəcədə töhfə verməklə əlaqələri müttəfiqlik statusuna gətirərək yeni reallıq yaradıblar. Bu reallığın təsdiqi kimi Türkiyədən Azərbaycana “can Azərbaycan” Azərbaycandan Türkiyəyə “ikinci Vətən” deyilir!

Azərbaycanla qardaş Türkiyə arasında əlaqələr bu gün siyasi, iqtisadi, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda müsbət nəticələr verməkdədir.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə ölkəmizin ədalətli mövqeyini açıq şəkildə müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi daim nəzərə çarpır. Türkiyə və Azərbaycan arasında bu günədək bütün sahələri əhatə edən 200-dən artıq imzalanmış sənədə malik hüquq-müqavilə bazası da daim genişlənir.

İqtisadi əlaqələrinə gəldikdə isə, deyə bilərəm ki, bu sahədə əməkdaşlığın inkişafı ölkəmizin müstəqilliyinin ilk illərindən başlayıb.

Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

Siyasi şərhçi qeyd edib ki, mövcud istiqamətdə əvvəlcə 1992-ci il noyabrın 1-də Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanıb. Daha sonra isə bununla bağlı hüquq-müqavilə bazasının əsası qoyulub.

Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilən bir sıra birgə mexanizmlər mövcuddur. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi fəaliyyətin səmərəliliyini şərtləndirən mexanizmlər buna misal ola bilər.

Digər tərəfdən, Azərbaycanın regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib və bu hazırda da davam etdirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu təbii qaz boru xətti layihələri bu baxımdan diqqət çəkən nümunələrdir.

Azərbaycan ilə Türkiyə arasında ticarət həcmi də 1993-cü ildən etibarən davamlı olaraq artır. Qardaş dövlət respublika iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13 mindən artıq türk şirkətinin iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar təşkil edir: “Son illər Azərbaycandan Türkiyəyə investisiya qoyuluşunda da artım müşahidə olunur. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki investisiyalarının ümumi həcmi 12 milyard dolları keçib. Bununla da, qardaş ölkədə investisiya qoyan azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdə qərarlaşıb. Qardaş Türkiyənin Azərbaycan iqtisadiyyatının güclənməsində müstəsna fəaliyyəti bununla kifayətlənmir. Türk iş adamları tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda reinteqrasiya və reabilitasiya prosesində əhəmiyyətli layihələr həyata keçirilir. Düşməndən təmizlənən ərazilərdəki Füzuli və Zəngilan beynəlxalq hava limanlarının tikilməsində, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında infrastruktur layihələrinin reallaşmasında, yolların çəkilməsində, sənaye, kənd təsərrüfatı müəssisələrinin qurulmasında, turizm obyektlərinin yaradılmasında qardaş ölkə şirkətlərinin fəal iştirakı bunun əyani nümunəsidir”.

E.Bağırov əlavə edib ki, bu gün qardaş ölkə iqtisadiyyatı dinamik inkişaf yolu ilə uğurla irəliləyir, iqtisadiyyatın ayrı-ayrı sahələrində önəmli göstəricilər əldə edilir. Bu dövlətdə nəzərə çarpan volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya baxmayaraq, müəyyən çətinliklər düzgün siyasət hesabına aradan qaldırılır. Türkiyə iqtisadiyyatının son 20 ildə real ifadədə 3 dəfə böyüməsi, 900 milyard dollarlıq ÜDM-ə malik olması da bunun parlaq ifadəsidir.

Sonda siyasi şərhçi qeyd edib ki, Türkiyənin inkişafı və uğuru həm də Azərbaycanın inkişafı və uğurudur. Çünki dünyanın bugünkü siyasi düzənində Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini beynəlxalq tribanalardan tutmuş diplomatik masalara qədər ürəklə müdafiə edən qardaşlıq nümunəsi yoxdur. Şübhəsiz ki, bu alternativsiz birlik liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın xalqlarımızın ruhuna və maraqlarına uyğun siyasi gedişləri ilə yaranıb. Qazanan isə Azərbaycan və Türkiyə qardaşlığıdır.