YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səhiyyəmizin inkişafının əsas özüllərindən biri

“Akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhvə bu gün səhiyyəmizin inkişafının əsas özüllərindən biridir. Onun oftolmologiya sahəsindəki fəaliyyəti və uğurları Azərbaycanın tibb tarixində xüsusi yer tutur”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

“Zərifə Əliyevanın üstün cəhətlərindən biri o idi ki, böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliklərin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. O zamanlar rayonlarda həkim qıtlığı, peşəkar kadr azlığı sakinləri çətin vəziyyətə salırdı. Bu baxımdan qayğıkeş insan Zərifə Əliyevanın rayonlarda çalışması və xəstələrə şəfa olması hər bir həkim üçün nümunədir. Peşəsinin artıqlaması ilə öhdəsindən gələn Zərifə Əliyeva bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş də aparırdı. Onun tədqiqatlarının nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Əlbəttə bu yorulmaz fəaliyyət nəticəsində 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.

Zərifə Əliyevanı digərlərindən fərqləndirən cəhətlərindən biri də onun həkimlik peşəsinə yanaşmasında idi. O gənc həkimləri savadlı görməklə yanaşı şəxsiyyət kimi yetiməşməsində də əlindən gələni edirdi. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdi. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdı. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdı”.