Xəbərlər
Asiya ilə Avropa arasında körpü
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Qazaxıstan dünyanın iqtisadi səhnəsində özünəməxsus rolu olan bir ölkədir və bu səbəbdən də ölkələrimiz arasındakı münasibətlərin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. Azərbaycan ilə Qazaxıstan arasında tranzit sahəsində əlaqələrin inkişaf etdirilməsi Asiya ilə Avropa arasında körpü rolu oynayır. Şübhəsiz ki, həm Azərbaycan, həm də Qazaxıstan liderlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük dəstək və təkan verir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılması gələcəyə daha böyük əminliklə baxmağı şərtləndirir. Belə ki, ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cənab İlham Əliyevin sözügedən səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”a uyğun olaraq Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu sənəd münasibətlərin kompleks şəkildə möhkəmləndirilməsinə xidmət edir. Bu bəyannamələrin adlarının özü münasibətlərimizin xarakterinə dəlalət edir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.
Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir.
Keçirilən görüşlərdə media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu, bu sahədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulandı. Qazaxıstan Dövlət Televiziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş filmin hazırlandığı və həmin filmin Qazaxıstan Dövlət Televiziyasında nümayiş olunacağı bildirildi. Filmin, eyni zamanda, Azərbaycan Televiziyasında nümayiş etdiriləcəyi də vurğulandı. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Qazaxıstanda dərin hörmət və ehtiramla yad olunduğu qeyd edildi.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirdi. Prezident Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin səfərinin böyük əhəmiyyət daşıdığını vurğuladı, səfər çərçivəsində imzalanan sənədlərin və aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına şərait yaratdığını qeyd etdi.
Dövlət başçıları imzalanan sənədlər arasında Yüksək səviyyəli Dövlətlərarası Şuranın yaradılmasını çox müsbət addım kimi qiymətləndirdilər. Bunun Azərbaycanla Qazaxıstan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının nümunəsi olduğu vurğulandı. Eyni zamanda, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədin ölkələrimiz arasında münasibətlərin məhz müttəfiqlik əsasında inkişafı üçün zəmin yaratdığı bildirildi.
Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, möhkəm təmələ əsalanan Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. İki dost ölkə yalnız ikitərəfli deyil, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.