YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərdə yeni mərhələ

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Qazaxıstan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Buna görə də əsla şübhə yoxdur ki, biz bundan sonra da dövlətlərimizin xalqlarına xidmət məsələsində vahid mövqelərdən çıxış edəcəyik.” Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyevin “Bu gün biz müttəfiqlik səviyyəsinə çatmış əməkdaşlığımızın möhkəmləndirilməsinə dair sonrakı addımları müəyyənləşdirdik. Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq” çağırışı iki dost ölkənin münasibətlərinin gələcək inkişafına işıq salmaqla yanaşı, bu əlaqələrin möhkəm təmələ əsaslandığını təsdiqləyir.  

Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərir.  İki ölkə arasında imzalanan sənədlər münasibətlərin xarakterini  nümayiş etdirir. Belə ki, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olan Azərbaycan-Qazaxıstan əlaqələrinin kompleks şəkildə möhkəmləndirilməsi üçün Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Ortaq tarixə, mədəniyyətə malik olan Azərbaycan-Qazaxıstan əlaqələri türk dünyasının birliyinə böyük töhfələr verir. Ümumilikdə türk dünyasının birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsidir.

Ölkəmiz türkdilli dövlətlərlə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməkdə maraqlıdır. Dövlət başçısının Qazaxıstana səfəri zamanı keçirdiyi görüşlərdə müzakirə olunan beynəlxalq və regional məsələlər, müxtəlif sahələr üzrə sənədlərin imzalanması xoş gələcəkdən xəbər verir.

Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş uğurlar ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolu əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf edib. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Bura Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. Sözügedən səfərdə təhlükəsizlik məsələləri, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfələri geniş müzakirə edildi. Qazaxıstan Qarabağ məsələsində ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazının adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzi, tarixi Zəfərimizin yeni reallıqlarının təqdimatıdır. Azərbaycan-Qazaxıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.