Xəbərlər
Əməkdaşlıq möhkəm təmələ əsaslanır
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.
Dövlət başçısı İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri iki dost, müttəfiq ölkənin münasibətlərinin dünəninə işıq salaraq perspektivləri açıqladı. “Mən yenidən qardaş Qazaxıstan torpağında olmağıma və Sizinlə dialoqumuzu davam etdirməyə çox şadam. Keçən ilin avqust ayında Sizin Azərbaycana səfəriniz barədə yaxşı xatirələrim var” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, qəbul etdiyimiz qərarlar həyata keçirilir: “Əminəm ki, mənim Qazaxıstana səfərim çərçivəsində qəbul edəcəyimiz qərarlar da reallaşacaq.
Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm təməlinin yaradılmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin əməyi yüksək dəyərləndirildi. Ümummilli Liderin xatirəsinə böyük ehtiram əlaməti olaraq Astananın mərkəzi küçələrindən birinə dahi şəxsiyyətin adının verilməsi, eyni zamanda, iki ölkənin dostluğunun, qardaşlığının, səmimi münasibətlərinin göstəricisi kimi qeyd edilir. Möhkəm təməl üzərində inkişaf edən bu münasibətlər hazırda strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır.
Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlıq nümunəsi olub. Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Müxtəlif strukturlar arasında imzalanan sənədlər gələcək barədə aydın təsəvvür yaradır.
Humanitar sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır: “Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik.”
Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri zamanı keçirilən görüşlərdə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsində 40 faiz artımın olması müsbət addım kimi qeyd edildi. Dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğuladılar. Eyni zamanda, görüşlərdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olundu. Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edildi. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulandı.
Aparılan müzakirələr, imzalanan sənədlər, səfərin mahiyyətini və yekununu özündə əks etdirən Prezidentlərin mətbuata bəyanatları Azərbaycan-Qazaxıstan münasibətlərinin aydın mənzərəsini təqdim edir.