Xəbərlər
Türkiyə dünyada söz və güc sahibi olan nüfuzlu dövlətə çevrilib
“Bu reallıq inkaredilməzdir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ikinci ölkələr yoxdur. Dərin tarixi köklərə malik olan bu münasibətlər illər keçdikcə daha da möhkəmlənir. Dünya siyasətinə təsir imkanları getdikcə artan Türkiyə-Azərbaycan birliyi regionda sabitliyin, iqtisadi inkişafın təminatının etibarlı qarantıdır. Son illərdə bu qardaşlığın, dostluğun, müttəfiqliyin bütün sahələrdə daha da uğurlu inkişafından böyük qürur hissi keçiririk. Dövlət başçısı İlham Əliyevin ötən il ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında qeyd etdiyi kimi, xalqlarımız öz milli qürurunu müdafiə etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Ölkə Prezidenti “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ilə iki dost ölkənin keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaratdı. Azərbaycan və Türkiyə daim ədalətin və beynəlxalq hüququn yanında olduqlarını atdıqları real addımlarla təsdiqləyirlər. İki qardaş dövlətin birgə səyləri nəticəsində türk dünyasının birliyi möhkəmləndirilir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə qurumun dünya siyasətində rolunun artması istiqamətində atdığı addımlar öz uğurlu nəticəsini verdi. Azərbaycan sədrliyi qardaş Türkiyəyə təqdim edərkən bu inamı ifadə etdi ki, Türkiyə özünün beynəlxalq münasibətlər sistemində artan rolundan bəhrələnərək Türk Dövlətləri Təşkilatına böyük nüfuz qazandıracaq. Keçilən yol bu əminliyə əsas verir ki, bundan sonra da Türkiyə və Azərbaycan ancaq və ancaq irəliyə gedəcək”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə hər bir sahədə təkmil təcrübəsi, uğurlu inkişafı ilə diqqətdədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji layihələri bölgədə sülhün, təhlükəsizliyin təminatında, əməkdaşlığın coğrafiyasının genişlənməsində öz sözünü deyir. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələrinin coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Tarixin bütün sınaqlarından şərəflə çıxan iki qardaş ölkə bu gün sözün əsl mənasında dünyaya dostluğun və qardaşlığın nümunəsini göstərirlər.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə, iqtisadi sahə ilə yanaşı, bir çox digər istiqamətlərdə də inqilabi xarakterli addımlar atmağa başladı. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görülür. Statistik rəqəmlərə diqqət yetirək. Ötən dövr ərzində təhsil sahəsində 10,3 milyard Türk lirəsi olan illik büdcə 304 milyard Türk lirəsindən çox artırılıb. Bu faktı xüsusi qeyd etməyimiz səbəbsiz deyil. Hər bir ölkənin gələcək inkişafı təhsillə sıx bağlıdır. Qardaş ölkədə təhsilin inkişafının prioritetliyi dövlət büdcəsindən ayırmalarda özünün aydın ifadəsini tapır. Bununla bərabər səhiyyə, nəqliyyat, hava yolları sahəsində yüksək göstəricilər ələ edilib. Ümumi daxili məhsul 238 milyard dollardan 1 trilyon dollara qədər artıb. Müdafiə sənayesinə gəldikdə isə Türkiyə öz tələbatını qarşılamaqla yanaşı, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib.
Vüqar Rəhimzadə vurğulayıb ki, türk dünyasının öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarına sadiqlik iki ölkənin gündən-günə möhkəmlənən dostluq və qardaşlığında özünü nümayiş etdirir. Bu çağırış daim səsləndirilir ki, Azərbaycan və Türkiyə nə qədər güclü olsalar, həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. Bir o qədər də beynəlxalq arenada sözümüz eşidiləcək. Türkiyə-Azərbaycan “Bir millət, iki dövlət”dir. Məhz bu birliyin sarsılmazlığının nəticəsində Cənubi Qafqazda sabitliyin yaranmasına əngəl olan, erməni məkrindən qaynaqlanan uydurma iddiaların əsl səbəbləri dünya ictimaiyyətinə çatdırılır, düşmənin bəd niyyətləri ifşa olunur. Yalnız ikitərəfli deyil, AŞPA, ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edən iki ölkənin birliyi və həmrəyliyi ümumilikdə türk dünyasının gücünü artırır. Bu həmrəylik ölkələrimizin regional təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış etməsinə töhfəsini verir. Qardaş ölkələrimizin iqtisadi sahədə potensialı da ildən-ilə artır, qlobal enerji və iqtisadi layihələr icra edilir. Enerji və nəqliyyat layihələrinin uğurlu sonluqla başa çatdırılması üçün Azərbaycan və Türkiyə qətiyyət, siyasi iradə nümayiş olunur.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Türkiyənin siyasi və mənəvi dəstəyindən güc alan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Ədalət və beynəlxalq hüquq zəfər çaldı. Reallıq budur ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin dünyadakı yeri və əhəmiyyəti artıb. Türkiyənin müstəqil xarici siyasət həyata keçirməsi təmin edilib. Türkiyə, dünyada söz sahibi olan, öz siyasətini həyata keçirən bir ölkəyə çevrilib. Hər bir beynəlxalq problemdə Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və müdaxiləsi vacib haldır. İsrail-Fələstin, Rusiya-Ukrayna münaqişələri başda olmaqla Suriya, Liviya kimi regionlarda sülh şəraitinin yaradılmasında Türkiyə ən mühüm ölkə hesab olunur. Bu gün Türkiyənin türk dünyası ilə əlaqələri əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb. Qardaş ölkə özünün gündəliyi olan müstəqil aktor mövqeyinə yüksəldi. Artıq heç bir güc Türkiyəyə nə etməli olduğunu diktə edə bilmir. Türkiyənin maraqları üçün lazımı qərarlar xarici mərkəzlərdə deyil, Ankarada qəbul edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük.