Xəbərlər
Strateji müttəfiqlik dərinləşir
“Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir. Prezident İlham Əliyevin aprelin 10-da bu ölkəyə rəsmi səfəri dostluq və qardaşlıq əlaqələrimin inkişafına böyük təkan verəcək”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da güclənməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. Xatırladım ki, ötən ilin avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanmışdı ki, bu sənəd xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd bizim münasibətlərin gələcək xarakterini və formasını müəyyən edir. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Prezident İlham Əliyevin aprelin 10-da Astanaya səfəri çərçivəsində imzalanan sənədlər isə qarşılıqlı əlaqələrimizin hüquqi bazasını əhəmiyyətli dərəcədə gücləndirəcək.
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Dövlət başçılarının mətbuata bəyanatında Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir: “Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır”. Astana şəhərində ulu öndərimiz Heydər Əliyevin adına küçənin təntənəli açılış mərasiminin keçirilməsi də türk dünyasının dahi oğluna dərin ehtiramın ifadəsidir.
“Bu gün dünyada baş verən dərin proseslər bizə yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur, öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Qazaxıstan Prezidentinin dediyi kimi, bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. İşğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaşlıq münasibətlərinin növbəti nümunəsidir. Hesab edirəm ki, qarşılıqlı səfərlər, aparılan görüşlər və verilən qərarlar bu hədəfə çatmağımızda mühüm rol oynayacaq. Nəzərdə tutulan layihələrin reallaşdırılması birliyimizi daha da gücləndirəcək”, - deyə deputat vurğulayıb.