Xəbərlər
Prezident İlham Əliyev Yakov Milatoviçi Monteneqro Prezidenti seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Yakov Milatoviçə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı Yakov Milatoviçə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.