YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan öz adını tarixə yazır

“Hər kəsə məlumdur ki, ABŞ və Qərbin bir sıra siyasi dairələri zaman-zaman Azərbaycanın dünyada qazandığı imicinə kölgə salmaq istəyib. I Avropa oyunları ərəfəsində Avropa Parlamentinin dinləmələr keçirməsi də buna misal göstərilə bilər”. Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Avropa Parlamentində Azərbaycana qarşı hazırlanmış dinləmələrə münasibət bildirərkən deyib.

YAP İcra katibinin müavini həmin dinləmələrdə Azərbaycanı dəstəkləyən avropalı deputatların çoxluq təşkil etdiyini xatırladaraq bildirib ki, buna baxmayaraq, Şultsun qərəzli bəyanatları özünü göstərib: “Düzdür, dinləmlərdə Azərbaycanın hüquqlarını müdafiə edən deputatalar çoxluq təşkil edib, amma Martin Şultsun qərəzi bütün mənaları ilə özünü göstərib. Avroparlamentdə ölkəmizlə bağlı 37 nəfər çıxış edib ki, onların mütləq əksəriyyəti idmanla siyasəti bir-biri ilə əlaqələndirməməyə, ikili standartlardan çıxış etməməyə çağırış edib. Bütün bunlara baxmayaraq, dünyada ikili, üçlü standartların mövcudluğunun bir daha şahidi olduq. Bu insanların ən birinci problemi I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməmələridir”.

Siyavuş Novruzov həmin qərəzli dairələrin Azərbaycanla bağlı mövqelərində yanıldıqlarını da deyib: “Bunlar düşünürdülər ki, Azərbaycan bu oyunların keçirilməsinin öhdəsindən gələ bilməyəcək. Amma bir daha yanıldılar. Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi, Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qətiyyətli addımları sayəsində, qısa zaman kəsimində Azərbaycan bütün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdi və bu gün Avropanın böyük idman ailəsini ölkəmizdə qəbul edir”.

Millət vəkili əslində, ölkəmizinin beynəlxalq tədbirlər keçirməsi baxımından kifayət qədər haqqı olduğunu, eyni zamanda həmin istiqamətdə çox ciddi təcrübələr keçdiyini də bildirib. Bütün bunlardan narahat olan bir sıra siyasi dairələr isə Azərbaycanda mövcud olan iqtidar-xalq birliyindən narahat olur: “Buna qədər Azərbaycan bir çox beynəlxalq yarışlara, tədbirlərə ev sahibliyi etmişdi. Bu baxımdan, ölkəmizin təcrübəsi böyükdür. Hesab edirəm ki, ölkəmizdə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi, tərəqqi bir çoxlarını narahat edir. Hələ də qəbul etmək istəmirlər ki, Azərbaycan öz adını tarixə yazır”.

Siyavuş Novruzov son olaraq, Avropa Parlamentindəki dinləmələrlə bağlı Milli Məclis deputatalarının da bəyanat verdiyini xatırladıb və vurğulayıb ki, həmin bəyanat yalnız Avropa Parlamentinə deyil, eyni zamanda, ölkəmizə qarşı təzyiq dili ilə danışmağa cəhd edən digər qərəzli siyasi dairələrə də aiddir: “Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar və Avropa strukturlarında təmsil olunan bir qrup deputatlar Avropa Parlamentində belə bir mövzunun müzakirə olunmasına öz etiraz bəyanatını verib. Bəyanat Azərbaycanla yanaşı, dünya ictimaiyyətinə çatdırılıb”.