Xəbərlər
Şəhidlərimizin qisası alındı
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Ermənilərin Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı bir daha sübut edir ki, onlar xalq, millət deyil, vəhşi barbar bir tayfadır. Uşaq, qadın, qoca olmaqla yüzlərlə dinc, günahsız insanların qətlə yetirilməsi bəşəriyyət tarixində ən qatı bir cinayət idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994- cü il fevralın 24-də Millı Məclisdə "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edildi. 1997-ci il 25 fevral tarixində ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il 26 fevral saat 17.00 da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilir. Soyqırım zamanı ermənilər 613 nəfəri qətlə yetirmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər naməlum qalmışdır. Ermənilər Xocalı sakinlərini xüsusi qəddarlıqla, didi-diri yandıraraq başlarının dərisini soymaqla, hamilə qadınların qarınlarına süngü ilə vuraraq öldürmüşlər. Xalqımız ermənilərin törətdikləri bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacaq, baş vermiş əsl həqiqətləri gələcək nəslə çatdıracaqlar.
Xocalı cinayətinin dünyada soyqırım kimi tanınması istiqamətində aparılan işlərin nəticəsidir ki, bir sıra dövlətlərin qanunvericilik orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. ABŞ ın 30-dan çox ştatlarının qanunvericilik orqanları tərəfindən Xocalı hadisəsi soyqırım kimi tanınmışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya ədalət" kampaniyasına start verilmişdir. Görülmüş hərtərəfli işlər nəticəsində dünyada yüz minlərlə şəxs və 115 təşkilat bu kampaniyanın fəaliyyətini dəstəkləyir.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bütün xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, ordumuza dəstək oldu. Beləliklə Xocalı qurbanlarının, şəhidlərimizin qisası alındı. Hər il 26 fevralda Bakıda Xocalı soyqırımının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önündə anım mərasimi keçirir. Bu bütün dünyaya xalqımızın Xocalı soyqırımını unutmayacağı haqqında bir mesajdır.