Xəbərlər
Xocalı faciəsi qurbanlarının xatirəsi Sloveniyada yad edilib
Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin deputatı, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, səfirliyin nümayəndə heyəti, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının, Avropanın Mühüm Məzarlıqlar Assosiasiyasının və yerli ictimaiyyətin nümayəndələri Dobrava Memorial Park Kompleksində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyublar.
Mərasimdə səfir Rövşən Sadıqbəyli, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Andrey Kompara, təşkilatın idarə heyətinin üzvü Rudi Matyaşiç və sədrin müşaviri Boris Şavle çıxış ediblər.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifəsi olan Xocalı soyqırımından danışan səfir Rövşən Sadıqbəyli bildirib ki, erməni təcavüzünün ən amansız nümunəsi olan bu faciə mülki əhaliyə qarşı törədilmiş yeganə cinayət hadisəsi deyil. Belə ki, Azərbaycanın bir çox başqa şəhər, qəsəbə və kəndlərində dinc sakinlər münaqişə dövründə oxşar vəhşiliklərə məruz qalıblar.
Təəssüf hissi ilə qeyd edilib ki, bəzi silahlı münaqişələrdə, o cümlədən Xocalı faciəsində törədilmiş ən ağır cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi diqqət yetirilməyib və insanlığa qarşı törədilmiş bu cinayət cəzasız qalmaqdadır. Nəticə etibarilə günahkarların cinayət məsuliyyətinə cəlb olunmaması təkcə beynəlxalq hüquqa və insan hüquqları ilə ziddiyyət təşkil etmir, həm də davamlı sülh və həqiqi barışıq üçün birbaşa maneədir. Gələcəkdə belə pozuntuların baş verməməsi üçün hərbi cinayətlərə görə məsuliyyətin təmin edilməsi vacibdir.