Xəbərlər
İki canda bir ürək: maddi və mənəvi gücümüzlə birlikdəyik!
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Türkiyədə son illərdə miqyasına görə ən böyük təbii fəlakət baş verdi. Bu fəlakət təkcə Türkiyənin deyil, Azərbaycanın da ağrılarıdır. Tarixən bu iki dövlət bir-birinin sevincini də, kədərini də bölüşüb. Türkiyənin istiqlal savaşında Azərbaycan Türkiyənin yanındaydı, Bakının bolşevik-eserlərdən azad edilməsində Türkiyə Azərbaycanın yanındaydı. İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycandan qardaşlıq köməyini əsirgəmədi.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Zəlzələ ilə bağlı Azərbaycanda da Türkiyədə olduğu səviyyədə ağrı-acılar yaşandı, hələ də yaşanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Azərbaycan bu təbii fəlakət olan anlardan qardaş Türkiyəyə dəstəyini əsirgəmir. Bu dəstək təkcə maddi dəstək deyil, həm də mənəvi dəstəkdir. Faciə xalqı da olduqca ciddi sarsıtdı. Xalq türk qardaşlarına, faciədə həlak olanların ailələrinə, yaralananlara qardaş köməyini əsirgəmir. Bakıda, eləcə də Azərbaycanın iri şəhərlərində kütləvi yardım kampaniyaları təşkil edilib. Xalq imkanı qədərincə yardım göstərir. Bu yardımlaşma tarixi qardaşlığa görə yaşanılan və yaşanılacaq münasibətin təzahürüdür.
Azərbaycanda bütün dövlət qurumları bu faciənin fəsadlarının aradan qaldırılmasına səfərbər edilib. Dövlət qurumlarının nümayəndələri öz strukturlarında yardım kampaniyasını mütəşəkkil təşkil ediblər. Bütün yardım məsələləri bir mərkəzdən idarə olunur. Azərbaycandan Türkiyəyə xeyli tibbi yardım, tibb personalı göndərilib. Bununla bir sırada Azərbaycanın xəstəxanalarında zəlzələdə yaralananların qəbulu və müalicəsi uçun bütün şərait var. Bakıda da, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da palatalar, çarpayılar ayrılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Azərbaycan Türkiyədə baş vermiş təbii fəlakətin – zəlzələnin fəsadlarını öz ağrı-acısı bilir. Bir sözlə, Azərbaycan yanındadır, Türkiyəm!