Xəbərlər
Qərbi Azərbaycan bizim tarixi torpağımız olduğunu bir çox tarixi sənədlər təsdiqləyir

Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı Prezident İlham Əliyev çıxış etmişdir.
Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Milyonlarla azərbaycanlının illər boyu içindən gələn, hər zaman müzakirə etdiyi məsələni ölkə başçısı qəti və konkret şəkildə bəyan etdi. Bu fikirlər isə artıq qüdrətli Azərbaycan dövlətinin mövqeyidir. Bu sözlər təkcə ermənilərə xəbərdarlıq deyildi, həmdə Azərbaycan xalqı üçün özünə qayıdış çağırışı idi. Çünki, Azərbaycan tarixinə bələd olan hər bir kəs Qərbi Zəngəzur, Göycə mahalı və digər ərazilərin qədim Azərbaycan torpaqları olduğunu çox gözəl bilir. Ölkə büşçısının son bəyanatı hər bir azərbaycanlı üçün bir fəaliyyət proqramıdır. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı olan Qərbi Azərbaycan bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Qərbi Azərbaycanın, o cümlədən Zəngəzur mahalının qədim Azərbaycan torpağı olması, sakinlərinin isə türk qəbilə tayfalarından ibarət olması tarixi faktlarla, xüsusilə toponimik adlara təsdiqini tapmışdır. Zəngəzura qayıdışın yolu torpaqlarımızın işğaldan azad edilməsindən, ərazi bütövlüyümüzün bərpa olunmasından keçirdi.
44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, Ermənistanın hərbi-siyasi məğlubiyyətə uğradılması bütün məziyyətləri ilə yanaşı, Prezident İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin təntənəsi oldu.