Xəbərlər
Dünyaşöhrətli nüfuzlu Lider
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Öz uğurlu fəaliyyəti ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu istiqamətdən baxdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya səviyyəli dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxkonfessiyalı Azərbaycanın milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Zamanımızın dühası ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
15 oktyabr 2003-cü il müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi. 76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etmədi. Onun ideyaları, əməli fəaliyyəti, qlobal miqyaslı təşəbbüsləri həm də bəşəriyyətin inkişafına vacib töhfələr verdi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Beləcə, Azərbaycan ötən 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının şahidi olarıq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır. Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə görünməkdədir. Prezident İlham Əliyev hər zaman xalqın istədiyini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanı çatan, zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirməyin və həll etməyin mahir ustasıdır. Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında Prezident İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur.
Müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılandı. Bu mənada fəxarət doğuran məqamlardan biri də cənab İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatlar Azərbaycanın hər il yeni rekorda imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının "Doing Business" hesabatı dövlət başçısı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Hesabata əsasən, Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Cənab İlham Əliyevin apardığı kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı ölkə" imici qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Azərbaycanın təbliği, onun tanıdılması və şöhrətinin artırılması Prezidentin çoxşaxəli siyasətinin xüsusi istiqamətini təşkil edir. Ölkəmiz dəfələrlə bir sıra qlobal layihələrin təşəbbüskarı və ya uğurlu icraçısı olmuşdur. Möhtəşəm humanitar, mədəni, sivilizasiyalararası və dinlərarası dialoq, idman tədbirlərinin keçirilməsinə paytaxtımızın evsahibliyi etməsi beynəlxalq miqyasda Azərbaycana olan etimadın və hörmətin özünəməxsus göstəricisi sayılmalıdır.
Ümummilli Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan Prezident İlham Əliyev Zəfərə aparan şərəfli yolun yenilməz sərkərdəsinə çevrildi. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək "güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxladı. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayıb, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli oldu. İqtisadi güc diplomatiyanın fundamental sütunu kimi çıxış edərək, ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirdi, Ermənistanın işğalçı siyasətinin ifşası prosesi sürətləndi, paralel olaraq modern ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin reallaşdırılmasına zəmin yarandı. Milli maraqları hər şeydən üstün tutması və ən çətin məqamlarda belə layiqincə qorumağı bacarması, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi Ali Baş Komandan İlham Əliyevə xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ yarasını əbədi olaraq sağaltmağa imkan verdi.
Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Hər bir xalqın tarixində xilaskar rolunu oynayan liderlər cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz cənab İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Prezident İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, "keçilməz" istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə Prezident İlham Əliyevin adı tariximizə qızıl hərflərlə yazıldı, dövlət başçısı bir daha alternativsiz Lider olduğunu isbatladı.
İşğal altında olan torpaqlarımızı "dəmir yumruq"la azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu həm yenidən qurur, həm də sülh danışıqlarında Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir. Yəni Prezident İlham Əliyev hər iki istiqamətdə atdığı addımlarla yenə də diqqətləri cəlb edir. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar. Prezident İlham Əliyev bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir. İşğal dövründə düşmənin darmadağın etdiyi bu ərazilərdə su-elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb. Gələn ilin dövlət büdcəsindən isə bu məqsədlə 3 milyard manat vəsaitin ayrılması planlaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyəti xüsusi vurğulanmalıdır. Artıq xeyli müddətdir ki, Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub. Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.
Ümumiyyətlə, cənab İlham Əliyevin fəaliyyətinin uğurlarını təmin edən bir neçə mühüm faktor var. Bunlar Prezidentin şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı, çiyindaşı Mehriban xanım Əliyevanın xidmətləri ilə bağlıdır. Birinci vitse-prezidentin yürütdüyü siyasət Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstəkdir. Bu gün Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr həm dövlət quruculuğu prosesinə dəstəkdir, həm də Prezidentin fəaliyyətinə xalq inamını möhkəmləndirən vasitədir. Hazırda Azərbaycan sülh müaviləsinin imzalanması üçün danışıqlara hər zaman hazır olduğunu bəyan edir və Ermənistanın da qurtuluş yolunu bunda görür.
Beləliklə, Cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanı ən etibarlı tərəfdaşa çevirib. 2003-cü ildə xalqın böyük etimadı ilə hakimiyyət estafetini götürən Prezident cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyəti Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur. Bunu şərtləndirən digər amil isə iqtisadi və siyasi müstəqillikdir. Son 19 ildə ölkəmizdəki iqtisadi müstəqilliyin yaratdığı reallıq tam müstəqil siyasətin yürüdülməsini şərtləndirib. Əgər bu, baş verməsəydi, bəlkə də indi Azərbaycan da bəzi ölkələr kimi forposta çevrilmişdi. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Bir sözlə,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş inkişaf konsepsiyası ilə Azərbaycan tam müstəqil siyasət aparır, qlobalmiqyaslı təşəbbüslərlə çıxış edir, istənilən məsələ ilə bağlı öz mövqeyini çəkinmədən ifadə edir. Bu da əlbəttə ki, Azərbaycanın geosiyasi çəkisini getdikcə artırır.