YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövlətinin iqtisadi gücü, siyasi iradəsi var

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ermənilər işğal dövründə bütün şəhər və kəndlərimizi viran qoymuşdular, daş üstə daş qalmamışdır. Bununla bərabər ermənilər bu ərazidə minaları toxum kimi basdırmışdılar. İşğaldan azad edilmiş torpaqlarımızın sahəsi 10 min kvadrat kilometrdən çoxdur. Bu bəzi ölkələrin ərazisindən böyükdür. Bütün bunlara baxmayaraq minalardan təmizlənmiş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə start verildi. Ərazilərin bərpası və yenidən qurulması üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat vəsait ayrılmış, sonrakı illərdə bu vəsait daha da artırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial - iqtisadi inkişafa dair Milli Prioriretlər"  təsdiq edilmişdir. Bu prioritetlərə əsaslanan Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026 cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nda əks olunmuş "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış" Milli Prioritetlərin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönmələri üçün ilk növbədə ərazilərdə infrastruktur, sosial-məişət obyektləri, evlərin, binaların inşa edilməsi, əhalinin məşğulluq məsələlərini həll etmək üçün yeni istehsal müəssisələri yaradılacaq. Bütün bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq ərazinin böyük hissəsi elektrik enerjisi ilə təmin edilmişdir. Bütün şəhər, qəsəbə və kəndləri birləşdirən müasir yollar çəkilir. Şəhərlərin təsdiq edilmiş Baş planına uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış evlərinin inşasına başlanılıb. Bu işlərin icrasına Prezident İlham Əliyev şəxsən özü rəhbərlik və nəzarət edir. İnşa edilmiş bütün infrastruktur  və sosial-məişət obyektlərinin, yaşayış binalarının təməl qoyma və açılış mərasimlərində ölkə başçımız özü iştirak edir. Işğaldan azad edilmiş ərazilərimizin potensialı və çoğrafi şəraiti nəzərə alınmışdır. Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa mədəniyyət və turizm sahəsi, Cəbrayıl rayonu ticarət- logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli, Xocavənd  rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə istehsal imkanları üçün qiymətləndirilmişdir.

Cəmi 8 aya Füzuli Beynəlxalq Hava Limanı, bir il sonra Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycan  dövlətinin iqtisadi cəhətdən qüdrətli bir dövlət olduğunun sübutudur. Bütün quruculuq işlərini Azərbaycan dövləti heç bir maliyyə yardımı almadan, kredit götürmədən təkbaşına özü həyata keçirir. Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesi artıq reallaşıb. İlk olaraq Ağalı kəndinin sakinləri öz yurd yerlərinə dönüblər. Dövlət Proqramının icra olunduğu dövr ərzində hər il aralıq nəticələr illik əsasda olmaqla 2023, 2024, 2025-ci illər, yekun nəticələr isə 2026-cı ili əhatə edəcək. Bütün məcburi köçkünlər mərhələli şəkildə şəhər və kəndlərimiz abadlaşdıqca öz evlərinə dönəcəklər.

Bütün bu işləri yerinə yetirmək üçün Azərbaycan dövlətinin iqtisadi gücü, siyasi iradəsi var. Ən əsası Azərbaycan xalqının öz xalqını sevən cənab İlham Əliyev kimi güclü, qətiyyətli bur Lideri - dövlət başçısı var.