Xəbərlər
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır. Beynəlxalq münasibətlər sistemində ölkənin nüfuz və statusunu artıran Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri ölkə və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir. Azərbaycanın təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzu da göz önündədir. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Azərbaycan tolerant ölkə, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi də bunun bariz nümunəsidir.
44 günlük İkinci Qarabağ müharibəsi birliyimizi, həmrəyliyimizi bir daha dünyaya nümayiş etdirdi. Ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələrinin Vətən müharibəsində göstərdiyi birlik, Zəfərə imza atmağımızda səyləri dövlətimiz tərəfindən yüksək dəyərləndirildi. Xatırlasaq, ötən il “Xarıbülbül” musiqi festivalının ilk günü müxtəlif millətlərin musiqi yaradıcılığının təqdimatı oldu. Cənab İlham Əliyev musiqi festivalının açılışındakı çıxışında bu mühüm addımı belə əsaslandırdı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk.”
Tarixi Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanı möhtəşəm uğurlara aparır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyevin ötən il doğum günündə Şuşanın məşhur Cıdır düzündən səsləndirdiyi bu çağırışı bir daha xatırlatmaq istərdik: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu".