Xəbərlər
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Qəbələyə səfər etmişdir
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələ rayonuna gəlmişdir.
Baş katibin rəhbərlik etdiyi nümayəndə heyəti rayonun turizm infrastrukturu, istehsal müəssisələri və müasir memarlıq nümunələri ilə tanış olmuşdur.
Qonaqlar əvvəlcə Qəbələ şəhərindəki otel komplekslərinə baxmış, Azərbaycanda, eləcə də bölgələrdə turizmin inkişafına, bu sahədə yaradılan müasir infrastrukturun daha da genişləndirilməsi istiqamətində görülən işlərə və rayonda həyata keçirilən irimiqyaslı turizm layihələrinin icrasına göstərilən dövlət qayğısının şahidi olmuşlar. Sonra onlar bu ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən birinci mərhələsinin açılışı olan “Tufandağ” qış-yay turizm istirahət kompleksinə gəlmişlər.
Qonaqları müşayiət edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat vermişdir.
Nümayəndə heyəti daha sonra Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzinə gəlmişdir. Müasir memarlıq üslubunda inşa olunan bu unikal binaya maraq göstərən qonaqlara məlumat verilmişdir ki, hər birinin hündürlüyü 6,9 metr olan 3 mərtəbəli binanın birinci mərtəbəsində danışıqlar üçün zallar, 350 yerlik restoran, inzibati otaqlar, geniş foye, sanitar qovşaqları, ikinci mərtəbəsində isə çoxfunksiyalı 1200 yerlik konfrans salonu, 92 kvadratmetrlik səhnə, VİP otaqları, media işçiləri üçün kabinetlər yerləşir.
Torbyorn Yaqland və onunla birgə gələn qonaqlar rayon tarix-diyarşünaslıq muzeyində Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə yaxından tanış olmuşlar.
Nümayəndə heyətinin üzvləri Qəbələ Konserv Zavodunda xammal qəbulundan başlayaraq, hazır məhsulun qablaşdırılmasına qədər bütün texnologiyanı müşahidə etmiş, “Beltmann” Piano Fabrikində musiqi alətlərinin istehsalı prosesinə baxmışlar.
Avropa Şurasının təmsilçiləri gün ərzində Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə və Nic qəsəbəsindəki Alban kilsəsinə də baş çəkmişlər