Xəbərlər
“Bakı-2015”-in məşəli Kürdəmirə bayram sevinci gətirdi
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 27-də Kürdəmir şəhərinə gətirilib.
Sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayan Kürdəmirdə ilk Avropa Oyunlarının məşəli böyük coşqu ilə qarşılandı. Şəhərin, eləcə də kəndlərin minlərlə sakini Bakı prospektindəki Heydər Əliyev parkının qarşısında bayramsayağı bəzədilən Oyunların rəmzi qapısında məşəlin qarşılanması mərasimini şən musiqi və sürəkli alqışlarla izlədilər.
Məşəl əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat bürünc mükafatçısı Əlsahab Əlabbasov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı və Heydər Əliyev prospektlərindən keçməklə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydana gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi-müəllim Samir Şükürov məşəli alovlandırdı. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Mərasimdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Kürdəmirdə məşəlin qarşılanması mərasiminin yaratdığı bayram təntənəsi yerli incəsənət ustalarının ifasında səsləndirilən şən musiqi proqramı ilə daha da rövnəqləndirildi.