YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı tərəfdaşlıq münasibətləri ilə regionda yeni inkişaf perspektivləri yaradır

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Azərbaycan daim bütün dövlətlərlə sülh, dostluq, qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquq normaları və demokratik prinsiplər çərçivəsində münasibət qurmağa üstünlük verir. Cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü də eyni münasibətlər üzərində qurulmuşdur və bu qəbildəndir.

Etnik, dini-mədəni və mənəvi dəyərlərlə bağlı olan Azərbaycan, Türkiyə və Türkmənistan dövlətlərinin münasibətləri ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyətə malik olmaqla, həm də regionun ümumi tərəqqisinə, eyni zamanda Cənubi Qafqazda sabitliyin bərqərar olmasına hədəflənmişdir.

Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı zamanı söylədiyi fikirlər, hər üç ölkə arasında olan əlaqələrin yüksələn xətlə inkişafını təsdiq etməklə, təkcə bu dövlətlərin deyil, həm də regionun təhlükəsizliyinin qarantı olduğuna işarədir.  Görüş zamanı Prezidenti İlham Əliyevin  hazırda dünyada yeni çağırışlar və təhdidlər olmasını, bu səbəbdən də digər sahələrlə yanaşı ölkələrimiz arasında təhlükəsizlik  və  müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşımasını vurğulaması günün reallığını özündə tam əks etdirir.

Bu gün Azərbaycanla digər türk dövlətləri arasında strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yeni mərhələyə yüksəlib. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə isə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Eyni zamanda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Həmçinin ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığın inkişaf dinamikası təqdirəlayiqdir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. İl ərzində Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb.

Nəqliyyat-logistika sahəsində də uğurlar əldə olunub. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Azərbaycanın önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində rolu olduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələr icra edilib. Məhz bunun nəticəsi olaraq 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.

Regionun yeni tranzit imkanları baxımından Zəngəzur dəhlizinin açılması olduqca vacibdir. Artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlər yekunlaşmaq üzrədir. Bu mənada dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yolu üzrə 70 faiz işlər icra olunub. Eyni zamanda nəzərdə tutulan bütün işlərin 2024-cü ildə tamamlanması mümkün olacaq. Bununla da bölgə və region dövlətləri üçün yeni nəqliyyat dəhlizi yaranacaq.

Bir sözlə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı əlaqələr nə qədər güclü olsa, nə qədər möhkəm birlik olsa, maraqlar da bir o qədər təmin ediləcək və bu  da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirib çıxaracaq.

Hər üç ölkə arasında ticari-iqtisadi, gömrük, elm, təhsil və mədəniyyət, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair imzalalnan sənədlər isə regionda yeni inkişaf perspektivlərinin olacağını, qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcəyini yəqin edir.