YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cinayətin qarşısı mütləq alınmalıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri 

Bir həftədən artıqdır ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası davam edir. Tələb budur ki,  Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Dünyanın nüfuzlu  təşkilatları və aparıcı dövlətləri 30 il Ermənistanın işğalçılıq siyasətinə necə laqeyd yanaşdılarsa, bu gün də həmin seyirçi mövqeni Azərbaycan ərazilərində təbii sərvətlərin talan edilməsinə, ekoloji terrora münasibətdə nümayiş etdirirlər. Azərbaycan xalqı növbəti dəfə haqqın, ədalətin bərpası istiqamətində birliyini nümayiş etdirir. Etiraz aksiyasının iştirakçıları tələbləri yerinə yetirilənə qədər  bu addımlarını davam etdirəcəklərini bildirirlər.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğunu çatdırdı və bir daha bu çağırışı etdi ki, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Bu meyarların bəzi dünya güclərinin maraqlarının arxasında əriməsi təbii ki, həmin dövlətlərə qarşı inamsızlığın yaranmasına səbəb olur. 30 illik işğal dövründə Azərbaycan hər addımda dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə oldu. Lakin bu yanaşmalar ölkəmizi ruhdan salmadı, əksinə daha da güclənmək, qüdrətlənmək, haqq səsini dünyaya çatdırmaq üçün səylər göstərdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bir daha bu reallığı təsdiqlədi ki, haqq-ədalət gec-tez qalib gəlir. Bu gün də xalqımız eyni inamı nümayiş etdirir.

Laçın-Xankəndi yolunda etiraz aksiyalarını davam etdirənlərin məqsədi həmin yolu bağlamaq deyil. Aksiya iştirakçıları olan könüllülər bu yolun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarına və bu qanunsuzluğa göz yumulmasına etiraz edir, o cümlədən Azərbaycan dövlət qurumları nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin bununla bağlı monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər.

Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq baş verənlərdə Azərbaycanı günahlandırmaq üçün qərəzli təbliğata start verib. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır. Cinayətin qarşısı mütləq alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.

Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər işğalçı dövlətin Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir.