Xəbərlər
İşğaldan azad edilmiş ərazilər ölkənin ən abad guşələrindən birinə çevriləcək
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Lakin 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərini minalayıb. Ona görə də bu gün ən vacib vəzifə bu ərazilərin minalardan təmizlənməsidir. Ərazilərin minalardan təmizlənməsi üçün ən önəmli vasitə xəritədir. Ermənistan tərəfi Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Xəritələrin Azərbaycan tərəfinə verilməməsi hərbi cinayətdir. İşğalçı ölkə minalı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə görə, təmizləmə prosesində Azərbaycan öz bacarığına, tərəfdaşların köməyinə və dünya təcrübəsinə əsaslanır. Çünki ərazilərin minalardan təmizlənməsi Böyük Qayıdış prosesində ilk və zəruri addımdır. Qarabağa qayıdış bu problemin tez və keyfiyyətli həllindən asılıdır. Çünki hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması böyük əhəmiyyət daşıyır.44 günlük Vətən müharibəsinin böyük qələbə ilə yekunlaşması məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq orada yaşaması imkanı yaratmışdır. Qarabağa böyük qayıdışın müjdəsi verilsə də, bu mübarək gün gecikir. Bunun başlıca səbəbi isə torpaq altındakı yüz minlərlə mina, partlamamış sursatlardır.
Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi, biz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış astanasındayıq.
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarkən əsas obyektləri, elektrik xətlərini, su ehtiyatlarını, həmçinin qəbiristanlıqları da minalayıblar ki, bu da minalardan təmizləmə işini xeyli çətinləşdirir. İnsanlar öz yurdlarına dönməlidirlər. Bu, sadəcə Azərbaycanın öhdəliyi ola bilməz. Çünki ortada beynəlxlaq konvensiyaların tələblərini pozmuş dövlət və onun törətdiyi cinayətlərin nəticələri var. Bu nəticələrin aradan qaldırılması istiqamətində də bir sıra beynəlxlaq təşkilatlar gərəkli dəstəyi mütləq göstərməlidirlər. Çünki bu cür beynəlxlaq tələbləri pozma halları hansısa bir dövlətə qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş terrordur. Əfsuslar olsun ki, ermənilərin ərazilərdə mina terroruna rahatlıqla müşahidə edən ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycana problemin aradan qaldırılması üçün təklif verməyiblər.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. İşğaldan azad edilmiş ərazilər ölkənin ən abad guşələrindən birinə çevriləcək.