Xəbərlər
İkili standartlara son qoyulmalıdır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası davam edir. Aksiyaya qoşulan könüllülərin sayı günbəgün artır. Onlar aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər. Şuşa-Laçın yolunda həyata keçirilən etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Onu da qeyd edək ki, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Günün əsas çağırışı bu sənədlərin icrası üçün səylərin göstərilməsi, ciddi addımların atılmasıdır. 30 illik işğal dövründə də Azərbaycan dövləti ən yüksək tribunalardan bu çağırışı etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilsin, ikili standartlara son qoyulsun. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır, dünya gücləri işğalçını adı ilə çağırmaq istəmədi. İşğalçı adı ilə çağırılmırdı, amma münaqişənin ədalətli həllini tapacağına inam yaradaraq 30 illik imitasiya naminə danışıqlar davam etdirildi.
Dünyanın nüfuzlu təçkilatları, aparıcı dövlətləri ikili standartlara əsaslanan yanaşmalarının sonda hansı vəziyyətə gətirib çıxardıqlarının şahidi oldular. Bu gün də eyni laqeydliklər, ikili yanaşmalar özünü aydın şəkildə büruzə verir. Reallıq budur ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Bəyanatdan irəli gələn öhdəliklərin hər birini yüksək səviyyədə yerinə yetirən Azərbaycan bunu qarşı tərəfdən də tələb edir.