YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Günümüzün əsas müzakirə mövzularından biri ekoloqların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Şuşa yolunda keçirdikləri etiraz aksiyasıdır. 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda faydalı qazıntıları vəhşicəsinə talaması, çayları ağır metallarla çirkləndirməsi  məlum faktlardır. Qarabağın və Şərqi Zəngəzurun flora və faunası tamamilə məhv edilirdi. Qiymətli ağac növləri kəsilərək, mebel istehsalı üçün Ermənistana göndərildi. Bunlar faktlardır. Ermənistan 30 illik işğal dövründə bu ərazilərimizin malik olduqları təbii resurslar əsasında özünün iqtisadi durumunu yaxşılaşdırmağa çalışıb. Bu fakt tarixi Zəfərimizdən sonra həm ermənilərin özləri, həm də beynəlxalq ekspertlər tərəfindən etiraf olunan məqamlar sırasındadır. Ermənistan bu gün də Azərbaycana qarşı ekoloji terroru davam etdirir. Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Bu ilin dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Bu addımlar Azərbaycan xalqının kəskin etirazına səbəb olub.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Erməni təbliğatının əsassızlığını və yalan olduğunu təsdiqləyən faktlardan biri də budur ki, Rusiya sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır. Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb.

Reallıq budur ki, tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifə açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Son iki ildə Ermənistanın atdığı addımların xronologiyasına diqqət yetirsək bu prosesin uzanmasında maraqlı olduğunu görərik. Törətdiyi ekoloji terror da bunun təsdiqidir.  Dünyanın ikili standartlara əsaslanan siyasətinə son qoyub ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu atdığı real addımları ilə təsdiqləməsi zamanıdır.