Xəbərlər
Yeni nəqliyyat dəhlizi qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Azərbaycanı regionda və ümumiyyətlə qlobal miqyasda söz sahibinə çevirmiş Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra dövlətimizin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə apardığı uğurlu daxili və xarici siyasəti xalqımızı sülh, əmin-amanlıq, yüksək qonşuluq münasibətlərini arzu edən xalq, dövlətimizi isə yüksək qarşılıqlı iqtisadi münasibətlər zəminində qurulmuş iqtisadi-siyasi fəaliyyət istəyən dövlət kimi qlobal siyasi məkana təqdim edən siyasət yürütdüyü hər an gözlər önünə sərilir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı uğuru, əldə etdiyi nailiyyətləri yalnız Zəfərimiz, erməni vandallarının müqəddəs torpaqlarımızdan qovulması olmadı. Vətən müharibəsi həm də bizə dost-düşmənimizi ayırd etmək baxımından da böyük bir dərs oldu. Xüsusilə də yaxın qonşularımızın dövlətimizə, xalqımıza olan münasibətlərinin aşkarlanmasında, post münaqişə dövründə gələcəyə hədəflənən qlobal layıhələrin işlənib həyata keçirilməsində, bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlı olan qardaş dövlətlərlə strateji əməkdaşlıq səviyyəsində münasibətlərin qurulmasında yol xəritəsinə çevrildi.
Bu baxımdan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə keçirilən görüş və bu görüşdə Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyət daşıyır.
Həm Türkiyə, həm də Türkmənistan ilə yüksək səviyyəli siyasi əlaqələri olan Azərbaycanın 2017-ci ildə Türkmənistanla və 2021-ci ildə Türkiyə ilə imzaladığı Bəyannamələr hər iki qardaş dövlət ilə münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmışdır ki, hazırda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Xüsusilə, hər üç ölkə nəqliyyat-logistika sahəsində qoyduğu sərmayələrlə yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmiş, böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmiş, ölkəmizi önəmli tranzit ölkəsinə çevirmişdir. 2017-ci ildə açılmış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollar sərmayə qoymaqla onun ötürücülük qabiliyyətinin hazırkı 1 milyondan 5 milyon tona çatdırılması bunu bir daha sübut edir. Təsadüfi deyil ki, 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 40 faizi tamamlanmış dəmir yolu xətti üzrə aparılan işlər tamamlandıqdan sonra yaranacaq yeni nəqliyyat dəhlizi qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.