Xəbərlər
Aqiyə Naxçıvanlı: Dinamik inkişafın əsasında Prezident İlham Əliyevin müəllifi olduğu Dövlət Proqramları durur
“Ulu Öndər Heydər Əliyev 2003-cü ilin əvvəlində, yanvar ayının 10-da Azərbaycan xalqına etdiyi müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu müraciət əslində Ulu Öndərin xalqımızı istiqamətləndirdiyi yeganə nicat yoluna bir göstərici idi. Tarix özü təsdiq etdi ki, yalnız bu yol ölkənin suveren gələcəyinə aparıb çıxara bilərdi. Müdrik Azərbaycan xalqı öz Ümummilli Liderinin bu vəsiyyətinə əməl etməklə Heydər Əliyev ideyalarına sadiqliyini və Ulu Öndərin siyasi varisinə etimadını bir daha təsdiq etmiş oldu. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Xalqın etimadını ən yüksək səviyyədə doğruldan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Dövlət başçımızın yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin gələcəyə hesablanmış dövlət siyasəti ölkə gəncliyinin potensialından maksimum istifadə olunmasını nəzərdə tutur: “Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Prezident İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi formalaşmalarına, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik vardır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.”
Daha sonra A.Naxçıvanlı ölkəmizdə müşahidə olunan dinamik inkişafın əsasında qəbul olunan Dövlət Proqramlarının durduğunu vurğulayaraq bunları deyib: “Azərbaycanda bütün regionların sürətli inkişafını təmin etmək məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncam və Fərmanları ilə Dövlət Proqramları qəbul edilib. O cümlədən dövlət başçısı14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Növbəti proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. 27 fevral 2014-cü il tarixli Fərmanla cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiqlədi. Dövlət proqramlarının icra olunduğu dövr ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 19 ildə 4 minə yaxın məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.
Fikirlərini davam etdirən deputat əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu işinin Vətən müharibəsində əldə olunmuş tarixi Zəfəri təmin edən əsas amillərdən biri olduğunu qeyd edib: “Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bu əhatəli və böyük zəhmət tələb edən işlər 2020-ci ildə öz möhtəşəm nəticəsini verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində üç şəhər və yüzlərlə kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Bu gün tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.