Xəbərlər
Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır
Hazırda Laçın-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz aksiyasının ciddi əsasları var. Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarı və ekologiyaya ciddi ziyanın vurulmasıdır. 30 il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri dağılıb, o cümlədən həmin torpaqlar ekoloji terrora məruz qalıb. Bu gün Rusiya sülhməramalılarının məsuliyyət zonasında olan ərazilərdə ekoloji terror və təbii sərvətlərimizin qanunsuz istismarı davam edir. Belə halların qarşısı alınmalıdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Məlumdur ki, dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin Qarabağdakı separatçılar monitorinqin aparılmasına əngəl törədib, sülhməramlılar isə onların qarşısını almaq üçün heç bir addım atmayıb. Hazırda isə Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
S.Fətəliyevanın sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. “Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Xatırladaq ki, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bundna əlavə, üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Bu bəndə görə bölgədə bütün nəqliyyat kommunikasiya yolları açılmalıdır. Lakin Ermənistan kommunikasiyaların açıqlmasına maneçilik törədir”, - deyən deputat qeyd edib ki, Azərbaycan məsuliyyətli ölkədir və öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycanın ictimai fəallarının aksiyası isə Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Əksinə, bu aksiya sülh aksiyası kimi dəyərləndirilməlidir. Çünki aksiya zamanı Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır.