Xəbərlər
Türk dünyasının birliyi üçün yeni reallıqlar yaranıb
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlum olduğu kimi, Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu barədə qərar cari ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.
Prezident İlham Əliyev dekabrın 6-da Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Bu mühüm addım, eyni zamanda, Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələrin təsdiqidir. Türk dünyasının birliyi üçün yeni reallıqlar yaranıb. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri türkdilli dövlətlər arasında əlaqələrin daha da sıx birləşməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Azərbaycanın tarixi Zəfərindən sonra türk dünyasının birliyi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Postmünaqişə dövrünün əsas reallıqlarından biri yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Azərbaycanın iştirak etdiyi Azərbaycan-Türkiyə-Türkmənistan formatı da bu silsilədəndir. Belə ki, dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı Üçtərəfli Zirvə Görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev çıxışında “Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm” söyləyərək onu da əlavə etdi ki, Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Hər bir səfərin mahiyyətini açıqlayan mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. İmzalanan sənədlər əlaqələrin gələcəyi üçün hüquqi bazadır. Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalandı. Ticari-iqtisadi, energetika, nəqliyyat, gömrük, elm, təhsil, mədəniyyət sahələrini əhatə edən 6 sənəd üç ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilir. Hər bir sənəd münasibətlərdə yeni mərhələnin başlanğıcı deməkdir.
Əsas məramı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdən ibarət olan Türk Dövlətləri Təşkilatı da bu missiyanı uğurla yerinə yetirir. Azərbaycan quruma sədrliyi dövründə daim bu birliyə öz töhfələrini verməyə səy göstərdi. Baxmayaraq ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi vaxta təsadüf etmişdir, yenə də ölkəmizin türk dünyasının birliyinə təşəbbüsləri diqqətdən kənarda qalmadı. Həmin dövrdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi bunun təsdiqidir. Azərbaycan yeni əməkdaşlıq formatlarını dəstəkləməklə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində birliyə öz dəstəyini verməyə səy göstərir.