YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə-Türkmənistan formatı münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Türkdilli dövlətlərlə əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. 44 günlük İkinci Qarabağ müharibəsi, o cümlədən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrdən bu günədək keçilən yola qısa nəzər salsaq bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə yönələn addımların davamlılığını görərik. Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə səylərin birləşdirilməsinə çağırış edərək öncə türk dünyasının birliyinin möhkəmləndirilməsi məqsədi ilə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və nail oldu.

44 günlük İkinci Qarabağ müharibəinin gedişi dövründə dünya qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin fonunda ümumilikdə türk dünyasının birliyinin şahidi oldu.

Artıq iki ildir postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin noyabr ayında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə səsləndirdiyi “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq” fikirlər həm türk dünyasının gücünü, qüdrətini, həm də qarşıdakı dövrün çağırışlarını özündə ehtiva edir.

Dekabrın 14-də dövlət başçısı İlham Əliyevin ikinci dəfə Türkmənistana səfəri, səfər çərçivəsində Türkiyə və Türkmənistan Prezidentləri ilə təkbətək görüşü, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan formatında görüş türk dünyasının gələcəyi üçün mühüm hadisə kimi dəyərləndirildi. Atılan hər yeni addım münasibətlərdə yeni mərhələnin əsasıdır. Çünki hər səfər, həmçinin müxtəlif formatlarda keçirilən görüşlər aktual mövzular ətrafında müzakirələrin aparılması, yeni prioritetlər üzrə əlaqələrin inkişafı üçün sənədlərin imzalanması ilə yadda qalır. Azərbaycan, Türkiyə və Türkmənistan Üçtərəfli Zirvə Görüşü də 6 sənədin imzalanması ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev çıxışında bu mühüm məqamı bir daha diqqətə çatdırdı ki, 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı: “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”

Qeyd etdiklərimiz bu qənaətə əsas verir ki, Azərbaycanın xarici siyasət uğurları dəyişməz prinsiplərinin təqdimatıdır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq edən Azərbaycan daim dünyaya birlik, hənrəylik, dostluq, əməkdaşlıq və sülh çağırışını edir. 

DİGƏR Xəbərlər Arxiv