Xəbərlər
Türk dünyasının birliyi daha da güclənir

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan bu istiqamətdə atdığı addımları ilə daim diqqət mərkəzində olub. Ölkəmizin türk dövlətləri ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin hazırkı səviyyəsi göz önündədir. Bu mühüm məqam xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu birlik, həmrəylik daha da möhkəmlənir. Qeyd etdiklərimiz dövlət başçısı İlham Əliyevin türk dövlətlərinə, həmin ölkələrin başçılarının isə Azərbaycana davamlı xarakter alan səfərlərində özünün aydın ifadəsini tapır. Bu ilin noyabrında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə “Türk dünyası böyük bir ailədir” mesajını dünyaya ünvanlayan Prezident İlham Əliyev onu da bildirdi ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Postmünaqişə dövrünün çağırışları sırasında yeni əməkdaşlıq formatlarının yaradılması xüsusi yer tutur. Dekabrın 14-də dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Üçtərəfli Zirvə Görüşünün keçirilməsi də deyilənlərin təsdiqidir. Üçtərəfli formatın yaradılması həm iki, həm də çoxtərəfli çərçivədə əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Türkmənistana səfəri çərçivəsində keçirdiyi görüşlərdə üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu bildirən dövlət başçısı İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını xüsusi vurğuladı.
“Zirvə Görüşümüzün ölkələrimiz, bölgəmiz və bütün Türk dünyası üçün xeyirli olmasını Rəbbimdən arzu edirəm” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, qardaşlıq bağlarımızla güclənən əlaqələrimizin sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcəyinə ürəkdən inanıram. Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir. Türk Dövlətləri Təşkilatının önəmindən danışan Türkiyə Prezidenti bildirdi ki, keçən il təşkilata müşahidəçi üzv olaraq qatılan Türkmənistanın ən qısa vaxtda tamhüquqlu üzv olması gücümüzü daha da artıracaq.
Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğuladı.
Göründüyü kimi, tərəflər üçtərəfli formatda möhkəmlənən əlaqələri ümumilikdə türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edən addım kimi dəyərləndirirlər. Yeni reallıqlar türk dünyasının birliyini daha da gücləndirir.