YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlı olan türk dövlətlərinin möhkəm birliyinin olması olduqca vacibdir. Hazırkı gərgin beynəlxalq münasibətlər türk dövlətlərindən həmrəylik və bir-biriləri ilə sıx əməkdaşlıq tələb edir. Məhz bu baxımdan Azərbaycanın hər zaman xarici siyasətində türk dövlətləri ilə münasibətlərin davamlı şəkildə gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin yaradılması prioritet məsələ kimi öndə dayanır. Bu birliyə, həmrəyliyə xidmət edən hər bir addım Azərbaycan tərəfindən dəstəklənir. Dövlət başçısı İlham Əliyevin dekabrın 14-də Türkmənistana işgüzar səfəri zamanı üçtərəfli Azərbaycan-Türkiyə-Türkmənistan formatının dəstəklənməsi də bunun bariz nümunəsidir. Üçtərəfli Zirvə Görüşündə əldə olunan razılaşmaların, imzalanan sənədlərin türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir. Bu baxımdan ki, yeni format həm ikitərəfli əməkdaşlığa, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına geniş imkanlar açır.

Qeyd etdiyimiz kimi, Azərbaycan möhtəşəm Zəfəri ilə həm regionda, həm də dünyada yeni reallıqlar yaradıb. Bu reallıqlar bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması fonunda yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurətə çevirir. Həmçinin kommunikasiyaların açılması da postmünaqişə dövrünün reallıqları sırasında xüsusi yer tutur. Qarşıda dayanan hədəflərə doğru qətiyyətli addımların atılması, o cümlədən Zəngəzur dəhlizinin açılması türk dünyasının qlobal mövqelərini daha da möhkəmləndirəcək. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Türkiyə-Türkmənisan Üçtərəfli Zirvə Görüşündəki çxışında diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldərək bildirmişdir ki, hazırda dəhlizin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Dövlət başçısı İlham Əliyev, həmçinin Azərbaycanın transit ölkə kimi mövqeyini möhkəmləndirən digər məqamlara da diqqəti yönəldib. Bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik.

2017-ci ildə dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında iştirak etdilər. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Dövlət başçısı Üçtərəfli Zirvə Görüşündə bu rəqəmi də açıqladı ki, Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Ümumilikdə bu fikri xüsusi qeyd edə bilərik ki, İkinci Qarabağ müharibəsində  Qələbəmiz  regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Hazırda dünyada yeni çağırışlar mövcuddur. Azərbaycan hər zaman bu çağırışları dövrün tələbləri əsasında çavablandırır. Dövlət başçısı İlham Əliyev dünyada yeni çağırışların və təhdidlərin olduğunu vurğulayaraq bu məqamı xüsusi qeyd etdi ki, digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir sözlə, əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaranır.

DİGƏR Xəbərlər Arxiv