Xəbərlər
Tarixi bağlar əsasında qurulmuş münasibətlər əməkdaşlıq üçün etibarlı imkanlar yaradır
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra sabiq SSRİ respublikaları ilə ikitərəfli əlaqələr tamam yeni bir istiqamətdə quruldu, təkmilləşdirildi, inkişaf etdirildi. Türkiyə ilə əlaqələr “Bir millət, ik dövlət” mənəvi birliyi əsasında davam etdirilirdi. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə həm etnik, həm dini-mədəni köklər əsasında, həm də ortaq mənəvi dəyərlər baxımından sıx bağlı olub. Bu bağlılıq qarşılıqlı etimad, qarşılıqlı etibar və qarşılıqlı inam kimi indi daha da inkişaf etdirilməkdədir. Belə tarixi bağlar əsasında qurulmuş bu münasibətlər iqtisadi, ticarət, nəqliyyat-logistika və s. sahələrdə səmimi əməkdaşlıq üçün etibarlı imkanlar yaradır.
2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Mənəvi əməkdaşlığın təsdiqi olan bu Bəyannamə bütün sahələr üzrə uğurla davam etdirilməkdədir.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Bu Bəyannamə iki qardaş xalq arasında mənəvi bağlılığın təcəssümü kimi tarixləşdi.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodu hazırda tam gücü ilə işləyir.
Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev Türkmənistanda çıxışında dedi: “Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”. Bu fikir milli zəmində, bir-biri ilə etnik, dini-mədəni köklər əsasında, ortaq mənəvi dəyərlər baxımından bundan sonra da böyük mənəvi məsuliyyətlərlə yaşadılacaqdır...