Xəbərlər
İqtisadi əməkdaşlığın inkişaf dinamikası
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 14 dekabr tarixində Üçtərəfli Zirvə Görüşündə iştirakı ilə əlaqədar Türkmənistana rəsmi səfəri İqtisadi əməkdaşlığın da inkişafında yeni mərhələ olacaq. Azərbaycan ilə Türkmənistan münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Ölkələrimiz arasında münasibətlərin genişlənməsi təsadüfi deyil. Beynəlxalq münasibətlərin inkişafına böyük önəm verən Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündə demişdir: “Apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamış, əməkdaşlıq, dostluq etmişlər”.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. 1993-cü ili dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Türkmənistan Prezidenti Saparmurad Niyazov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişlidir bu marşrutdan digər ölkələrin də istifadə edə biləcək.
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf tempi yüksəkdir və ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin Türkmənistana son rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə rəhbərliyi iki qardaş və dost xalq arasında tarixi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır və bu istiqamətdə müvafiq addımlar atacaqlar. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri ölkələr arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə güclü təkan verməklə yanaşı, tarixi bağları güclü olan bu iki xalq arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinə münbit şərait yaradacaq.